...

ELDAR MAHMUDOV: "HACI MƏMMƏDOVUN İŞİ ÜZRƏ BÜTÜN MƏLUMATLAR İCTİMAİYYƏTƏ ÇATDIRILACAQDIR "

Siyasət Materials 20 İyul 2005 14:00 (UTC +04:00)
ELDAR MAHMUDOV: "HACI MƏMMƏDOVUN İŞİ ÜZRƏ BÜTÜN MƏLUMATLAR İCTİMAİYYƏTƏ ÇATDIRILACAQDIR  "

"Daxili İşlər Nazirliyi(DİN) Cinayət-Axtarış Baş idarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Hacı Məmmədov və onun rəhbərlik etdiyi cinayətkar dəstənin istintaqı davam etdirilir. Bu cinayətin istintaqı ilə bağlı hansı yeni faktlar aşkar ediləcəksə, onlar barəsində ictimaiyyətə tam məlumat çatdırılacaqdır". Bunu milli təhlükəsizlik naziri Eldar Mahmudov Trend ə bildirmişdir.

Onun sözlərinə görə, Hacı Məmmdovun istintaqa vermiş olduğu ifadələr əsasında həbs olunmuş DİN-in Cinayət-Axtarış İdarəsinin keçmiş rəisi , general Zakir Nəsirovla bağlı istintaq əməliyatları davam etdirilir.

"Hazırda general Zakir Nəsirov və həmin cinayətkar dəstə ilə bağlı istintaq əməliyyatları tədbirləri aparılır. Milli Təhlükəsizlik Nazirliyi(MTN) və Baş prokurorluğun əməkdaşları cinayətkar dəstə tərəfindən törədilmiş bütün qətl hadisələri yerlərini yenidən baxışdan keçirirlər.

Orada kompleks istintaq tədbirləri aparılır. Hansı hadisələr aşkar edilərəcəksə, bu barədə mütləq ictimaiyyyətə məlumat veriləcəkdir",-deyə Eldar Mahmudov bildirmişdir.

Bir müddət əvvəl Hacı Məmmədovun özünə süi-qəsd etmək cəhdini xatırladan milli təhlükəsizlik naziri, daha sonra, hazırda onun mühafizəsinin mükəmməl təşkil edildiyi üçün belə bir narahatçılığa heç bir əsas olmadığını vurğulamışdır.

"Bəzi mətbuat səhifələrində Hacı Məmmədovun işinin istintaqı ilə bağlı müxtəlif məlumatlar yayılır.Bu cinayət işinin daha dərin kökləri olduğu bildirilir. Gəlin hadisələri qabaqlamayaq.Əmin ola bilərsiz ki, cinayət işinin istintaqı ilə bağlı ölkə ictimaiyyəti tam məlumatlandırılacaqdır",-deyə milli təhlükəsizlik naziri bildirmişdir.

Xatırladaq ki, ötən həftə həbs edilmiş DİN-in Cinayət-Axtarış İdarəsinin keçmiş rəisi , general Zakir Nəsirov bu ilin martında yaxalanmış cinayətkar dəstənin başçısı -polkovnik-leytenant Hacı Məmmədov istintaqa verdiyi ifadələr əsasında MTN əməkdaşları tərəfindən saxlanılmışdır. Belə ki, Hacı Məmmədov ifadələrində cinayətkar dəstəyə məhz general Zakir Nəsirovun rəhbərlik etdiyini bildirmişdir.

Hazırda MTN-nin İstintaq tədricxanasında saxlanılan Zakir Nəsirov barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə , o cümlədən qəsdən adamöldürmə, qəsdən adam oğurluğu və digər maddələr üzrə ittiham irəli sürülmüşdür.

Xəbər lenti

Xəbər lenti