...

İYULUN 23-DƏ KEÇİRİLMƏLİ OLAN QARABAĞ MİTİNQİ TƏXİRƏ SALINIB

Siyasət Materials 20 İyul 2005 16:12 (UTC +04:00)

Qarabağ Azadlıq Təşkilatının (QAT) iyulun 23-də keçirməyi planlaşdırdığı Qarabağ mitinqi qeyri-müəyyən vaxta təxirə salınıb. Bu barədə Trend ə QAT-ın sədri Akif Nağı məlumat verib. O bildirib ki, iyulun 23-də saat 17.00-dan 19.00-dək "20 Yanvar" - "Qələbə" marşrutu üzrə QAT-la bərabər bir neçə siyasi partiya da yürüş-mitinq keçirməyi planlaşdırıb. Bununla əlaqədar QAT-ın qərargahında partiyaların aksiyasının təşkilatçılarından olan Milli Demokrat Partiyasının sədri İsgəndər Həmidovla görüş keçirilib.

Qeyd edək ki, İsgəndər Həmidov iyulun 23-də Milli Məclis qarşısında mitinq keçirmək niyyətində idi. Lakin Bakı Şəhər İcra Hakimiyyəti bu ünvanda aksiya keçirilməsinə icazə verməyib və partiyalara "20 Yanvar"dan "Qələbə" meydanınadək olan marşrutu təklif edib.

Müzakirələr zamanı İsgəndər Həmidov iyulun 23-də saat 17.00-dan

19.00-dək metronun 20 Yanvar stansiyası yaxınlığından başlayaraq "Qələbə" kinoteatrının qarşısındakı meydanadək yürüş-mitinq keçirməkdə israrlı olduğunu deyib. Eyni vaxta həmin ünvanda yürüş-mitinq təyin edən QAT-ın rəhbərliyi buna görə öz qərarını dəyişməli olub: "Biz siyasi partiyalarla xoşagəlməz münasibət, narazılıq yaranmasını istəmədik. Ona görə də onlara güzəştə gedərək öz mitinqimizi təxirə saldıq"-deyə Akif Nağı bildirib.

QAT sədri onu da deyib ki, Qarabağ mitinqinin keçirilməsinə görə öz qərarından dönməyən siyasi partiyaların seçki ilə əlaqədar keçirdiyi yürüş-mitinqində iştirak etməyəcək. O həmçinin bildirib ki, QAT-ın Ali Şurası Qarabağ mitinqinin mütləq keçirilməsinə dair qərar çıxarıb, lakin aksiyanın vaxtı hələlik təyin olunmayıb.

Xəbər lenti

Xəbər lenti