...

İ.ƏLİYEV: AZƏRBAYCAN JURNALİSTİKASI BU GÜN YENİ MƏRHƏLƏDƏDİR

Siyasət Materials 21 İyul 2005 20:54 (UTC +04:00)
İ.ƏLİYEV: AZƏRBAYCAN JURNALİSTİKASI BU GÜN YENİ MƏRHƏLƏDƏDİR

İyulun 21-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan mətbuatının 130 illiyinin bayram edilməsi münasibətilə keçirilən mərasimdə iştirak edib. Trend agentliyi bildirir ki, mərasimdə çıxış edən dövlət başçısı bu gün Azərbaycan jurnalistikasının yeni mərhələdə olduğunu qeyd edib. "Bu gün ölkədə müstəqil KİV-ə zərurət yaranıb" -deyə o bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda söz azadlığı mövcuddur, 1998-ci ildən senzura ləğv edilib və KİV-nin müstəqilliyi və söz azadlığı istiqamətində çox işlər görülüb.

Dövlət başçısı hesab edir ki, "KİV-ə diqqət və qayğı hər bir yüksək rütbəli məmurun vəzifəsidir". İ.Əliyev həmçinin KİV-də dərc edilən tənqidlərə münasibətdə daha təmkinli olmağa çağırdı.

Dövlət başçısının sözlərinə görə, tanınmış jurnalist E.Hüseynovun qətli Azərbaycanın demokratik inkişafına zərbə idi.Hakimiyyət bu qətlin üstünün son dərəcə tez açılmasında maraqlıdır və əsas odur ki, sifarişçilər müəyyən edilsin. İlham Əliyev qeyd edib ki, bu gün hüquq-mühafizə orqanları tərəfindən bu istiqamətdə işlər davam etdirilir və artıq ilkin nəticələr əldə olunub.

Azərbaycan prezidenti kütləvi informasiya vasitələrinin daşıdığı təbliğat funksiyasına xüsusi yer ayırıb.O, qeyd edib ki, Erməni lobbisi Azərbaycana qarşı məqsədyönlü kampaniya keçirir. " Ermənistan bütün mövqelərdə, xüsusilə iqtisadi inkişaf və bu sahədə nəzərə alınan gələcək perspektivlərdə Azərbaycandan geri qalır" -deyə o bildirib.

O, həmçinin Azərbaycandakı ictimai-siyasi vəziyyətin ingilis və digər dillərdə təbliğatına imkan verən İnternetin böyük rolunu qeyd edib.

Dövlət başçısı sonda qeyd edib ki, Azərbaycanın həm müxalifət, həm dövlət, həm də müstəqil mətbuatının təmsil olunduğu KİV-ə kömək üçün işləri davam etdirəcək. Mərasimdə çıxış edən mətbuat şurasının sədri Əflatun Amaşov yaxın vaxtlarda "Söz azadlığı haqqında" qanunun qəbul olunacağı barədə əminliyini ifadə edib. O, qeyd edib ki, ölkədə senzura yoxdur, KİV ƏDV -dən, eləcə də qəzet kağızlarının daşınmasında gömrük ödəmələrindən azaddır.

"Amma Azərbaycan KİV-də bir sıra problemlər mövcuddur.Əsas problem Azərbaycan mətbuatının iqtisadi müstəqilliyinin olmamasıdır.Yekunda onlar siyasiləşir və müstəqilliyini itirir"-deyə Amaşov qeyd edib.

O, həmçinin Azərbaycan KİV-nin maddi-texniki bazasının, eləcə də televiziya üçün lisenziyaların alınması ilə bağlı vəziyyətin yaxşılaşdırılması, uzunmüddətli kreditlərin verilməsi və jurnalistlərin peşəkarlığının artırılmasının təmin edilməsinə yönəldilən proqramın qəbul edilməsi zərurətini qeyd edib.

Xəbər lenti

Xəbər lenti