...

TURQAY BAYRAMOV ELMAR HÜSEYNOVUN QATİLLƏRİ İLƏ CİNAYƏT ƏLAQƏSİNƏ GİRMƏSİNİ TƏKZİB EDİB

Siyasət Materials 22 İyul 2005 16:55 (UTC +04:00)

İyulun 23-də Nizami rayon məhkəməsində "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə əlaqədar həbs edilmiş Turqay Baramovun məhkəməsi davam etdirilib. Trend in məlumatına görə, hakim Hüseyn Hüseynovun sədrliyi ilə keçən iclasda Turqay Bayramov özü, həmçinin şahidlər dindirilib.

Dövlət ittihamçısı Abdulla Yusifov Turqay Bayramovun barəsindəki ittiham aktını oxuyub. O, bildirib ki, T.Bayramov E.Hüseynovun qətlində şübhəli bilinən Tahir Xubanov və Temuraz Əliyevlə cinayət əlaqələrnə girib, telefon nömrələri alarkən müqavilə mətnlərinə yalan məlumatlar daxil edib və sənədi saxtalaşdırıb.

Bu il fevralın 1-də T.Bayramov həmin şəxslərə Mustafayev Temur Mustafa oğlu adından 532-57-94 saylı, fevralın 27-də isə Hüseynov Vüqar Əziz oğlu adından 539-93-81 və 539-93-82 saylı telefon nömrələri alıb. Lakin bu nömrələrin sənədində ev ünvanını yanlış yazıb.

Sonra T.Bayramovun qonşuları Eyvaz Allahverdiyev, onun oğlu Nəcəf Allahverdiyev, həmçinin "Azərsell" BM-in əməkdaşları İlham Baratov və Eldəniz İbrahimov şahid qismində ifadə veriblər.

Qonşuları ifadəsində T.Bayramovu müsbət xarakterizə ediblər, ondan cinayətdə iştirak etməsini gözləmədiklərini bildiriblər. "Azərsell"dən olan şahidlər isə T.Bayramovu, həmçinin axtarışda olan digər şübhəli şəxsləri tanımadıqlarını deyiblər.

Sonra Turqay Bayramov dindirilib, o, barəsindəki ittihamlarla qismən razılışdığını bildirib. Lakin o, axtarışda olan E.Hüseynovu qətlə yetirməkdə şübhəli bilinən şəxslərlə cinayət əlaqəsinə girməsi barədə ittihamı təkzib edib: "Mənim günahım yalnız saxta sənədə qol çəkmək olub. Telefon nömrələrinin sənədini onlar tərtib edib, nömrələri alarkən adları, ev ünvanlarını onlar özləri başqa cür deyiblər".

Məhkəmə prosesi davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti