...

BDİ-NİN LİDERLƏR TOPLANTISINDA AZƏRBAYCANLA BAĞLI QƏTNAMƏ QƏBUL OLUNUB

Siyasət Materials 25 İyul 2005 16:20 (UTC +04:00)

"Yeni Siyasət" blokunun üzvü, AMİP lideri Etibar Məmmədov iyulun 18-i və 19-u Vaşinqtonda Beynəlxalq Demokrat İttifaqının (BDİ) liderlər toplantısında iştirak edib. Trend in məlumatına görə, Etibar Məmmədov iyulun 25-də "Yeni Siyasət" blokunun qərargahında mətbuat konfransı keçirərək ABŞ-a səfəri barədə məlumat verib.

O, bildirib ki, üzvü olduğu BDİ-nin hər üç ildən bir liderlər toplantısı keçirilir, qurumun 3 illik fəaliyyət istiqamətləri müəyyənləşir, rəhbər strukturları seçilir. BDİ-nin bu dəfəki toplantısının əsas mövzusu dünyada demokratiya məsələləri olub, bununla bağlı müzakirələr aparılıb. Sonda Vaşinqton bəyannaməsi qəbul olunub. Toplantının ikinci hissəsində BDİ-nin rəhbərliyinə seçkilər keçirilib.

Avstraliyanın baş naziri Con Hovard BDİ-nin sədri, Norveçin xarici işlər naziri Yan Peterson sədrin birinci müavini, AMİP lideri Etibar Məmmədov və Yunanıstanın baş naziri Oslos Karamanes müavin seçiliblər. ATƏT Parlament Assambleyasının üzvü Qoran Lenmarker sədrin assistenti təyin olunub. BDİ-nin mənzil-qərargahı da Norveçə köçürülüb.

E.Məmmədovun sözlərinə görə, iyulun 19-da Ağ Evdə ABŞ prezidenti Corc Buşla görüş olub, bundan sonra dəyirmi masa keçirilib. Corc Buşun sədrlik etdiyi həmin dəyirmi masada da demokratiya məsələləri müzakirə edilib, ABŞ prezidenti bu ölkənin siyasətinin əsas prioritet xəttinin demokratiyaya dəstək vermək olduğunu deyib.

BDİ üzvləri sonra ABŞ-ın Milli Təhlükəsizlik Şurasında, Dövlət Departamentində, Respublikaçılar İnstitutunda, Milli Demokratiya İnstitutunda görüşlər keçiriblər.

Azərbaycana dair 326 saylı qətnamə qəbul olunduğunu deyən E.Məmmədovun sözlərinə görə, BDİ üzvləri ölkəmizdə seçkilərin azad və demokratik keçirilməsini, seçki komissiyalarının bir partiyanın təsirindən çıxmasını, ATƏT-in seçki ilə bağlı tövsiyələrinə əməl olunmasını vacib sayıblar.

Xəbər lenti

Xəbər lenti