...

12 SAYLI HÜQUQ MƏSLƏHƏTXANASININ VƏKİLİ SƏBAİL MƏHKƏMƏSİNİN TƏRKİBİNƏ ETİRAZ EDİB

Siyasət Materials 26 İyul 2005 12:05 (UTC +04:00)

İyulun 25-də Səbail rayon məhkəməsində hakim Yusif Kərimovun sədrliyi ilə, 12 saylı hüquq məsləhətxanasının vəkili Lətifə Əliyevanın barəsində verilmiş şikayətə baxılıb.

Bu barədə Trend ə Azərbaycan Hüquqşünaslar Forumundan (AHF) məlumat verilib. Qeyd edək ki, iyulun 22-də Səbail rayon məhkəməsinin nəzarətçiləri və məhkəmə icraçıları şöbəsi Lətifə Əliyevanın İnzibati Xətalar Məcəlləsinin 313.1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair protokol tərtib edib.

Protokolda bildirilir ki, L.Əliyeva 12 saylı hüquq məsləhətxananın möhür, ştamp və digər ləvazimatlarını təhvil verməkdən imtina etməklə və ona qadağan olunmasına baxmayaraq iş yerinə gəlməklə, vəkillik fəaliyyətini həyata keçirməklə Nəsimi rayon məhkəməsinin qərardadını pozub.

Hakim məhkəmə prosesində iştirak edən L.Əliyevaya təklif edib ki, özxoşuna möhür və ştampı təhvil versin və beləliklə də ondan əl çəksinlər. L.Əliyeva isə bildirib ki, heç bir inzibati və ya digər məsuliyyət tədbiri onu qorxuda bilməz.

L.Əliyeva deyib ki, onu 12 saylı məsləhətxananın vəkilləri həmin vəzifəyə seçiblər və onların qərarı əsasında da həmin vəzifədən çıxarıla bilər.

Yalnız bu halda o, məsləhətxananın möhür və ştampını təhvil verəcək. Vəkil L.Əliyeva Səbail rayon məhkəməsinin bütün tərkibinə etiraz edib. Onun etirazı həll edilmək üçün Apellyasiya Məhkəməsinə göndərilib.

Qeyd edək ki, 12 saylı hüquq məsləhətxanasının müdiri vəfat etdikdən sonra orada çalışan vəkillər məsləhətxananın müvəqqəti müdiri vəzifəsinə vəkil Lətifə Əliyevanı seçiblər.

Bundan sonra Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı əsasında onun vəkillik fəaliyyəti dayandırılıb, VK-nın üzvlüyünə xitam verilməsi barədə Nəsimi rayon məhkəməsində iş qaldırılıb.

Xəbər lenti

Xəbər lenti