...

ASİM MOLLAZADƏ ABŞ SƏFƏRİNDƏN RAZI QALIB

Siyasət Materials 26 İyul 2005 15:41 (UTC +04:00)
ASİM MOLLAZADƏ ABŞ SƏFƏRİNDƏN RAZI QALIB

Demokratik İslahatlar Partiyasının (DİP) sədri, Azərbaycanın Avropa şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Asim Mollazadə ABŞ-a səfərinin yekunları ilə bağlı iyulun 26-da mətbuat konfransı keçirib.

Trend in məlumatına görə, A.Mollazadə iyulun 15-dən 24-dək ABŞ-da səfəri zamanı Ağ Evdə, Dövlət Departamentində, Konqresdə, Pentaqonda, Enterprayz İnstitutunda, Karnegi Fondunda və digər icra strukturlarında, demokratik institutlarda görüşlər keçirdiyini deyib.

DİP sədri Enterprayz İnstitutunda və Karnegi Fondunda etdiyi çıxışlarında Azərbaycanda seçkiqabağı vəziyyət, rəhbəri olduğu partiyanın məram və məqsədləri barədə məlumat verib, Ermənistan-Azərbaycan münaqişəsinə dair fikirlərini bildirib. A.Mollazadə Azərbaycanda seçkilərin azad və demokratik keçirilməsinin sabitliyin və inkişafın əsas təminatı olduğunu vurğulayıb.

Pentaqonda müdafiə nazirinini müavini, həmçinin Avrasiya siyasəti və beynəlxalq təhlükəsizlik siyasəti üzrə idarə rəhbəri Cim Mak Duqalla görüşüb, Cənubi Qafqaz və Mərkəzi Asiya regionundakı vəziyyət, təhlükəsizlik məsələləri müzakirə olunub.

A.Mollazadə Ağ Evdə Milli Təhlükəsizlik Şurasının Avropa-Asiya idarəsinin rəhbəri Devid Merkellə də görüşüb, onunla Azərbaycanda parlament seçkisi öncəsi vəziyyəti müzakirə edib.

Dövlət Departamentində dövlət katibinin müavinin köməkçisi Met Brayzla görüş zamanı Azərbaycanda və bölgədəki proseslər, qarşıdan gələn seçki barədə müzakirələr aparılıb. Eyni müzakirələr Dövlət Departamentinin Demokratiya və İnsan Hüquqları üzrə Bürosunun baş koordinatoru Qrethen Birkla da aparılıb.

A.Mollazadə bir sıra konqresmenlərlə, ayrı-ayrı beynəlxalq institutların və beynəlxalq layihələrin rəhbərləri ilə də görüşlər keçirib. ABŞ Konqresində İndiana ştatından olan konqressmen Den Bartonla görüşdə Avropa Şurasının Qarabağ probleminin həlli üçün qətnaməsini dəstəklədiyi üçün A.Mollazadə ona təşəkkür edib.

Bu il keçiriləcək parlament seçkisi, ABŞ-Azərbaycan əlaqələri ilə bağlı müzakirələr Nyu-York ştatından olan konqressmen Eliot Enqla aparılıb. Konqresdə ATƏT komissiyasının üzvləri ilə də görüşən A.Mollazadə Dağlıq Qarabağ problemindən, Minsk qrupunun münaqişənin həlli ilə bağlı missiyasından danışıb.

DİP sədri həmçinin İnsan Hüquqları Komissiyasının sədri Tom Lantosla, Avropa və ehtimal olunan təhlükələr üzrə alt komitə aparatının rəhbəri Riçard Mero ilə görüşüb.

Beynəlxalq Respublikaçılar İnstitutunda, Milli Demokratiya İnstitutunda çıxışlar edən A.Mollazadə parlament seçkisi ilə bərabər Azərbaycanda aparılması zəruri olan islahatlar barədə öz fikirlərini bölüşüb, bu institutların Azərböaycandakı fəaliyyətini yüksək qiymətləndirib.

DİP sədri Milli Demokratiya İnstitutunun proqramm direktoru Nelson Ledski, transmilli demokratiya layihəsinin direktoru Bryus Ceksonla Azərbaycanda seçkilər, demokratik proseslər, ölkəmizin Avro-Altantik İttifaqa inteqrasiyası məsələləri müzakirə olunub.

ABŞ-ın bir sıra nüfuzlu KİV-lərinin nümayəndələri ilə də görüşən A.Mollazadə ümumilikdə səfəri yüksək qiymətləndirib, məhsuldar və əhəmiyyətli olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti