...

ASİM MOLLAZADƏ: "ABŞ AZƏRBAYCANDA DEMOKRATİK İNKİŞAFIN YALNIZ TƏKAMÜL YOLU İLƏ BAŞ VERMƏSİNİN TƏRƏFDARIDIR"

Siyasət Materials 26 İyul 2005 18:20 (UTC +04:00)

"ABŞ-da Azərbaycanda inqilablar olması məsələsinə mənfi münasibət var. Bu ölkə Azərbaycanda inkişafın təkamül yolu ilə baş verməsinin tərəfdarıdır". Trend in məlumatına görə, bu fikirləri ABŞ səfərindən qayıtmış Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirib.

Onun sözlərinə görə, ABŞ Azərbaycanda demokratik islahatlar aparılmasını zəruri sayır. Həmçinin bu ölkə Azərbaycanda sabitliyin demokratiya vasitəsilə qorunmasında maraqlıdır: "İnqilab barəsində isə söhbət gedə bilməz.

Eyni zamanda ABŞ rəsmiləri hesab edirlər ki, Azərbaycanda azad, demokratik seçki keçirmək üçün siyasi iradə nümayiş etdirmək lazımdır. Bu məsələlərlə bağlı ABŞ-ın rəsmi mövqeyi Demokratik İslahatlar Partiyasının mövqeyi və fikirləri ilə üst-üstə düşür"-deyə A.Mollazadə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda siyasi tərəflər, iqtidarla-müxalifət arasında bütün məsələlər dialoq, müzakirələr yolu ilə həll edilməlidir. İqtidar-müxalifət partiyaları arasında keçirilən silsilə görüşləri də müsbət qiymətləndirən DİP sədri qeyd edib ki, bu görüşlər hətta konkret nəticələr verməsə belə, iqtidarla müxalifət nümayəndələrinin bir araya gəlməsi təqdirəlayiq haldır.

Millət vəkili hesab edir ki, bir-birinə rəqib olan siyasi qüvvələr arasında tolerantlıq, sivil münasibətlər yaranması üçün əsas məsuliyyət hakimiyyətin üzərinə düşür: "Biz siyasi qüvvələr arasında bir-birinə qarşı aqressiv hücumların qəti əleyhinəyik, proseslərin düşmənçilik yönündə inkişaf etməsini pisləyirik.

Çünki öz daxilimizdə düşmənçilikdə dövlətimizi qoruyub saxlaya bilmərik. Azərbaycanda sağlam siyasi rəqabət, iqtidarla müxaliyət arasında sivil dialoq olmalıdır"-deyə A.Mollazadə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti