...

ABŞ DÖVLƏT KATİBİNİN MÜAVİNİ SİYASİ PARTİYA RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞÜB

Siyasət Materials 27 İyul 2005 13:16 (UTC +04:00)

Bakıda səfərdə olan ABŞ dövlət katibinin qlobal məsələlər üzrə müavini Paula Dobryanski iyulun 17-də Azərbaycanın siyasi partiyalarının rəhbərləri, seçki bloklarının üzvləri ilə görüşüb. Trend in məlumatına görə, ABŞ-ın ölkəmizdəki səfirliyindən baş tutan görüşdə "Azadlıq" blokuna daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbər, Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu, "Yeni Siyasət" blokunun üzvləri - AMİP lideri Etibar Məmmədov və Azərbaycan Naminə İctimai Forumunun rəhbəri Eldar Namazov, həmçinin Milli Birlik Hərəkatının lideri Lalə Şövkət, Ədalət Partiyasının sədri İlyas İsmayılov və Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə iştirak ediblər.

Görüş barədə məlumat verən Eldar Namazov bildirib ki, bu il noyabrda Azərbaycanda keçiriləcək parlament seçkisi əsas müzakirə mövzusu olub. Seçkilərin azad, ədalətli və demokratik keçirilməsi, buna mane ola biləcək amillər, seçki komissiyalarının formalaşdırılması prinsipləri, seçkidə ictimai monitorinqin təşkili, bir seçici - bir səs prinsipinə əməl olunması kimi məsələlər ətrafında müzakirələr aparılıb, siyasətçilər bununla bağlı öz fikirlərini bildiriblər. Həmçinin görüşdə üzvlərinin iştirak etdiyi seçki blokları haqqında da ABŞ rəsmisinə məlumat verilib. Eldar Namazovun sözlərinə görə, ABŞ dövlət katibinin müavinin Azərbaycana səfəri demokratik proseslərə dəstək məqsədi daşıyır.

AXCP sədri Əli Kərimli də Paula Dobryanskinin ABŞ prezidenti Corc Buşun bütün dünyada demokratiyaya dəstək siyasətini fəal şəkildə həyata keçirən şəxs olduğunu və onun seçki ərəfəsində Azərbaycana səfərinin yüksək qiymətləndirdiyini deyib. Ə.Kərimlinin sözlərinə görə, dövlət katibinin müavini Azərbaycana səfərinin bu il parlament seçkisinin azad, demokrtik keçməsinə dəstək vermək məqsədi daşıdığını xüsusi vurğulayıb: "Paula Dobryanski seçkilərin azad, şəffaf şəraitdə, ictimai monitorinq altında keçməsi, bütün namizədlər üçün bərabər şərait yaradılması, seçkinin demokratikliyini təmin etmək üçün lazımi mexanizmlərin yaradılması ilə bağlı məsələləri dövlət başçısının diqqətinə çatdıracağını dedi. Siyasi partiyalar tərəfindən də seçkiqabağı durum, bu ərəfədə siyasi qüvvələrin fəallığı, yaranan qeyri-demokratik elementlər, həmçinin Azərbaycan-ABŞ münasibətləri, dövlət katbi müavininin ölkəmizə səfəri barədə fikirlərini bildiriblər"-deyə Ə.Kərimli bildirib.

Ədalət Partiyasının sədri İlyas İsmayılov da deyib ki, bu görüşdə yaranan qənaətə görə, ABŞ hökuməti Azərbaycanda seçkilərin azad və ədalətli keçirilməsini istəyir və ölkəmizdə demokratiyanın bərqərar olmasında maraqlıdır. Bunun üçün Azərbaycan hşakimiyyətinin və müxalifət partiyalarının siyasi iradə nümayiş etdirməsi lazımdır.

Xəbər lenti

Xəbər lenti