...

İQTİDAR-MÜXALİFƏT DİALOQUNUN NÖVBƏTİ RAUNDUNUN TƏXİRƏ SALINACAĞI İSTİSNA OLUNMUR

Siyasət Materials 27 İyul 2005 13:42 (UTC +04:00)

İyulun 29-da Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilməsi planlaşdırılmış iqtidar-müxalifət dialoqunun üçüncü raundunun təxirə salınacağı istisna olunmur. Bu barədə Trend ə Müsavat Partiyasının sədr müavini Vurğun Əyyub bildirib. Onun sözlərinə görə, YAP növbəti görüşü öz iqamətgahında təyin etməkdə tələskənliyə yol verib.

"İqtidar-müxalifət dialoqunun növbəti mərhələsinin Müsavat Partiyasının qərargahında keçirilməsi ilə bağlı partiyalar arasında əvvəlcədən razılığa gəlinib. Lakin partiya sədri İsa Qəmbərin Türkiyəyə səfəri bu görüşün ləngiməsinə səbəb olub. İndi nə zaman YAP öz niyyətindən əl çəkərsə, o zaman növbəti görüşün vaxtını təyin edəcəyik. Əks halda biz YAP qərargahında keçiriləcək görüşə qatılmayacağıq",-deyə Vurğun Əyyub bildirib.

Məsələyə münasibət bildirən YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Trend ə iyulun 29-na təyin olunmuş görüşün keçirilib-keçirilməyəcəyinin tərəflərdən asılı olduğunu bildirib. Onun sözlərinə görə, hələlik görüşdə iştirak edəcək partiyaların hamısı dəvət məktubuna müsbət cavab verməyib. O, buna dair son qərarın iyulun 28-də veriləcəyini deyib.

Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin 1-ci müavini Sərdar Cəlaloğlu isə məsələnin iyulun 27-də keçiriləcək "Azadlıq" bloku Sədrlər Şurasının toplantısında müzakirə edildikdən sonra bu barədə qəti cavab verəcəklərini bildirib. O, "Azadlıq" blokuna daxil olan digər partiyaların (Müsavat və AXCP(i)) qatılmayacağı görüşdə ADP-nin də iştirak etməyəcəyini vurğulayıb.

Qeyd edək ki, iyulun 29-na YAP qərargahında təyin olunmuş görüşə ATƏT-in Bakı ofisinin rəhbərliyi də dəvət olunub.

Xatırladaq ki, YAP-ın təşəbbüsü ilə keçirilmiş iqtidar-müxalifət dialoqunun ilk mərhələsi mayın 4-də həmin partiyanın qərargahında, ikinci görüş isə iyunun 1-də AXCP(i)-də keçirilmişdir. İlk görüşdə hakimiyyət adından YAP-ın icra katibi, millət vəkili Əli Əhmədov iştirak etsə də, ikinci görüşdə onu müavini, millət vəkili Mübariz Qurbanlı əvəz etmişdir. Görüşlərdə iqtidaryönlü partiyaları Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı və Sosial-Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı təmsil etmişdilər. Keçirilmiş hər iki görüşdə müxalifət partiyaları adından Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Əli Əliyev, Müsavat Partiyasının sədr müavini Vurğun Əyyub, AXCP (i) sədrinin müavini Fuad Mustafayev və Azərbaycan Demokrat Partiyası Ali Məclisinin sədri Akif Şahbazov iştirak etmişdilər.

Xəbər lenti

Xəbər lenti