...

MƏZAHİR PƏNAHOV: "MSK ŞƏXSİYYƏT VƏSİQƏLƏRİ PROBLEMİNİN ARADAN QALDIRILMASI ÜÇÜN SƏSVERMƏDƏN BİR AY ƏVVƏL QƏRAR ÇIXARA BİLƏR"

Siyasət Materials 27 İyul 2005 17:48 (UTC +04:00)

İyulun 27-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Trend in məlumatına görə, iclasda vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması, bir neçə seçki blokunun qeydiyyata alınması, bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiliklik edilməsi məsələlərinə baxılıb.

MSK-nın üzvü Ənvər Əliyev bildirib ki, hazırda seçicilərin 44 faizinin şəxsiyyət vəsiqəsi yoxdur və bu da seçkidə iştirak edən namizədlərin imzatoplama kampaniyasına maneələr yaradır. Ə.Əliyev təklif edib ki, seçkidə xarici pasportlar, forma-9 və köhnə Sovet pasportları ilə namizədlərin imzatoplamasına icazə verilsin.

MSK-nın katibi Vidadi Mahmudov da bir milyon vətəndaşın hələ də şəxsiyyət vəsiqəsi almadığını deyib. O bildirib ki, MSK seçki prosesində istifadə olunan sənədlərin siyahısını müəyyən etməlidir.

MSK sədri Məzahir Pənahov şəxsiyyət vəsiqəsi probleminin həqiqətən də mövcud olduğunu, bu məsələnin diqqətdə saxlanıldığını deyib. Lakin o bildirib ki, MSK seçkidə istifadə olunan sənədlərin siyahısına dair qərar çıxarmayacaq: "Çünki seçkiyə hələ xeyli vaxt var və bu müddət ərzində problem həll edilməzsə, təxminən seçkiyə bir ay qalmış MSK belə bir qərar çıxara bilər. Lakin digər vəsiqələrin etibarlılığı və istifadəyə icazəsi yalnız səsvermə ilə bağlı ola bilər"-deyə M.Pənahov bildirib.

MSK-nın katibi Natiq Məmmədov isə deyib ki, forma-9 qüvvədən düşübsə, vətəndaşlara forma-7 verilə bilər. Vətəndaşlar forma-7 sənədini almaq üçün iki ədəd fotoşəkillə vəsiqə verilən idarələrə müraciət edə bilərlər.

Xəbər lenti

Xəbər lenti