...

ƏLİ KƏRİMLİ: "AYAZ MÜTƏLLİBOVUN NAMİZƏDLİYİNİN BAŞQA DAİRƏDƏN VERİLMƏMƏSİNƏ TƏƏSSÜF EDİRİK"

Siyasət Materials 29 İyul 2005 13:07 (UTC +04:00)

"Lalə Şövkətin namizədliyini dəstəkləməyimizə görə "Azadlıq" bloku ilə "Yeni Siyasət" bloku arasında narazılıq yaranmasına əsas yoxdur". Bu fikirləri Trend ə açıqlamasında "Azadlıq" blokunun təsisçilərindən biri - Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) sədri Əli Kərimli bildirib.

Qeyd edək ki, Milli Birlik Hərəkatının lideri, "Yeni Siyasət" blokunun keçmiş üzvü Lalə Şövkətlə həmin blokun üzvü, ASDP-nin lideri Ayaz Mütəllibov 17 saylı Yasamal rayon üçüncü seçki dairəsindən namizədliklərini irəli sürüblər. "Azadlıq" bloku isə Lalə Şövkətin namizədliyini dəstəkləməyə qərar verib. Ə.Kərimli deyib ki, onlar Lalə Şövkətin 17 saylı Yasamal dairəsindən namizəd olacağını əvvəldən bilirdilər: "Ona görə də "Azadlıq" blokunun partiya rəhbərləri öz üzvlərinə demişdilər ki, həmin dairədən namizədliklərini irəli sürməsinlər. 17 saylı Yasamal seçki dairəsini biz əvvəldən Lalə xanıma görə boş saxlamışdıq. Lakin təəssüf ki, "Yeni Siyasət" bloku həmin dairədən Ayaz Mütəllibovun da namizədliyini irəli sürüb"-deyə Ə.Kərimli bildirib.

Lalə Şövkətlə Ayaz Mütəllibovun namizədliyi toqquşduğuna görə Liberal Partiyası ilə Sosial Demokrat Partiyası arasında yaranan narazılıqlara münasibətini bildirərkən Əli Kərimli deyib ki, bu, arzuolunmaz haldır. O, Lalə Şövkəti dəstəklədiklərinə görə, "Yeni Siyasət" bloku ilə "Azadlıq" bloku arasında da narazılıq yaranmasına əsas görmədiyini bildirib: "Biz təəssüf edirik ki, Ayaz Mütəllibovun namizədliyi hər hansı başqa dairədən irəli sürülməyib. Amma buna baxmayaraq, hesab etmirik ki, bu məsələ bloklar, yaxud partiyalar arasında ciddi narazılıq, soyuqluq yaradacaq. Çünki bizim Lalə Şövkətin namizədliyini həmin dairədən dəstəkləmək qərarımız "Yeni Siyasət" blokunun qərarından daha əvvəl verilmişdi"-deyə Ə.Kərimli əlavə edib.

Xəbər lenti

Xəbər lenti