...

ATƏT CƏNUBİ QAFQAZ ÖLKƏLƏRİNİN PARLAMENT ÜZVLƏRİ ARASINDA QADINLARIN SAYININ AZLIĞINDAN NARAHATDIR

Siyasət Materials 29 İyul 2005 13:56 (UTC +04:00)

ATƏT ona üzv olan ölkələrin, o cümlədən Cənubi Qafqaz dövlətlərinin parlamentləri və nümayəndə heyətlərinin işində iştirak edən qadınların sayının azlığından narahatdır. Trend in məlumatına görə, bu fikir ATƏT-in gender məsələləri üzrə Parlament Assambleyasının xüsusi nümayəndəsi Tone Tinqsqardın (Tone Tingsgård) ATƏT PA-nın rəsmi saytında verilmiş "Gender balansı - 2005" məruzəsində əks olunub.

Məruzədə qeyd olunur ki, son 5 ildə ATƏT PA-da Azərbaycan, Ermənistan və Gürcüstanın nümayəndə heyətinin qadın üzvlərinin sayında heç bir radikal dəyişikliklər baş verməyib.

Məruzəyə əsasən, 2004-cü ildə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətində kişi və qadınların nisbəti 1:5-ə idi. Bu göstərici Gürcüstanda 2:5-ə, Ermənistanda isə 1:3-ə nisbətini təşkil edirdi. "Əgər hökumət ixtisaslı qadın namizədlər tapa bilmirsə, ATƏT PA-nın milli nümayəndə heyətləri bu işdə onlara kömək edə bilər", - deyə məruzədə bildirilir.

Eyni zamanda sənəddə Cənubi Qafqaz ölkələrinin parlamentlərində qadın deputatların sayı da təhlil olunub. Azərbaycanda bu rəqəm 13 (124 deputat - 10,5%), Ermənistanda - 7 (131 deputat - 5,3%), Gürcüstanda - 22 (2359,4 - 9,4%) təşkil edir. İsveç parlamentində qadın deputatlar bütün deputatların 45,3%, Norveçdə - 38,2%, Finlandiyada isə - 37,5%-ni təşkil edir .

Qeyd edək ki, ATƏT PA-nın gender balansına dair məruzəsi ATƏT PA-nın Beynəlxalq Katibliyinin gender məsələləri üzrə şöbəsində hazırlanıb.

Məruzədə göstərilir ki, son 5 ildə bu məsələ ilə bağlı heç bir müsbət dəyişikliklər baş verməyib və vəziyyət getdikcə pisləşir. ATƏT PA-nın nümayəndə heyətləri ona üzv olan ölkələrin hökumətlərini təşviq etməli, ATƏT-in Vyanada yerləşən tender məsələləri üzrə Müşavirin Ofisinin büdcəsini artırmalıdır.

Sənəddə həmçinin o da qeyd olunur ki, ATƏT-in Katibliyi və bu təşkilata üzv olan ölkələr qadınların işə qəbul olunmalarının təşviqi ilə bağlı tədbirlər görməlidir. Gender balansına dair məruzə göstərir ki, hətta fəaliyyəti insan hüquqlarının müdafiəsinə yönəldilmiş ATƏT-də vəziyyət bir çox hallarda qənaətbəxş deyil.

Xəbər lenti

Xəbər lenti