...

ƏFQANISTAN VETERANLARI İTTİFAQININ 5-ci KONFRANSI KEÇİRİLƏCƏK

Siyasət Materials 3 Avqust 2005 15:43 (UTC +04:00)

Gələn həftə Əfqanıstan Veteranları İttifaqının konfransı keçiriləcək. Bu barədə Trend ə məlumatı İttifaqın sədr müavini Nizami Məmmədov verib.

Onun sözlərinə görə, sayca beşinci dəfə keçiriləcək konfransda Əfqanıstan Veteranları İttifaqına yeni sədrin seçilməsi, İdarə Heyətinin tərkibində dəyişikliklər, Nəzarət-Təftiş Komisiyasının hesabatı və s. məsələlər müzakirəyə çıxarılacaq. Tədbirin keçiriləcəyi məkan dəqiqləşdirilmədiyinə görə hələlik tarixi də qeyri-müəyyəndir. Ancaq konfransın gələn həftə ərzində keçiriləcəyi dəqiqdir.

Xatırladaq ki, hazırda Nəsimi rayon Məhkəməsində hakim Ələddin Cəfərovun sədrliyi ilə ƏVİ-nın keçmiş sədri Məmməd İskəndərovun məhkəməsi davam edir. Məlum olduğu kimi o, vəzifə saxtakarlığında, ƏVİ-yə məxsus torpaq sahələrini satmaqda, sənədləri saxtalaşdırmaqda və s. cinayət əməllərində təqsirləndirilir.

Onu da qeyd edək ki, bir qədər əvvəl M.İskəndərov barəsində cinayət işi qaldırılmasına və işin məhkəməyə verilməsinə baxmayaraq o, yaxın günlərə qədər İttifaqın sədri vəzifəsində çalışırdı. Ancaq məhkəmənin gedişatı zamanı M.İskəndərovun həmin vəzifədən uzaqlaşdırılması barədə hakimin çıxardığı qərardan sonra o, həmin postla vidalaşıb.

Nizami Məmmədov onu da bildirib ki, konfransın keçirilməsi barədə tövsiyyə bu yaxınlarda Azərbaycanda olmuş MDB Hökumətləri Yanında Beynəlmiləlçi Döyüşçülərin İşi Üzrə Koordinasiya Şurasının rəhbəri Ruslan Auşovdan gəlib. N.Məmmədov: "Ruslan Auşov Azərbaycanda olarkən Əfqanıstan Veteranları İttifaqının üzvləri ilə də görüşmüşdü.

Vəziyyətlə tanış olduqdan və keçmiş sədrin törətdiyi cinayət əməlləri barədə məlumatlandıqdan sonra belə biabırçılıqlara son qoymağı və yaxın günlərdə konfrans keçirərək ƏVİ daxilində səliqə-sahman yaratmağı tövsiyyə edib".

Xəbər lenti

Xəbər lenti