...

AZƏRBAYCAN HAKİMLƏRİN VƏ VƏKİLLƏRİN SAYINA GÖRƏ AVROPA ÖLKƏLƏRİ ARASINDA SONUNCU YERDƏDİR

Siyasət Materials 3 Avqust 2005 20:42 (UTC +04:00)
AZƏRBAYCAN HAKİMLƏRİN VƏ VƏKİLLƏRİN SAYINA GÖRƏ AVROPA ÖLKƏLƏRİ ARASINDA SONUNCU YERDƏDİR

Avqustun 3-də Ədliyyə naziri Fikrət Məmmədov mətbuat konfransı keçirib. Prezident İlham Əliyevin dövlət qurumları rəhbərlərinə kütləvi informasiya vasitələri ilə mütəmadi görüşlər keçirmək barədə tapşırıqlarının nəticəsi olaraq keçirilən tədbir həm də bir növ hüquq sahəsini işıqlandıran müxbirlərlə, ədliyyə sistemində rəhbər vəzifələrdə çalışan məmurlarla yaxından tanış etmək xarakteri daşıyırdı.

Nazir bildirib ki, bəzi hallarda mətbuat səhifələrində ədliyyə ilə bağlı dolğun olmayan, yanlış informasiyalar nəşr olunur. Buna görə də jurnalistlərin yüksək rütbəli ədliyyə işçiləri ilə sıx əməkdaşlıq etmələri vacibdir.

Sonra F.Məmmədov ədliyyə Nazirliyinin işində son bir il ərzində olan müsbət dəyişikliklər barədə məlumat verdi. Nazirin məlumatına görə, ümumilikdə 4946 hüquqi şəxs qeydiyyatdan keçib. Bu da əvvəlki illərə nisbətən 46 faiz çoxdur. Qeydiyyatdan keçmiş hüquqi şəxslərin 40 faizi regionlardandır.

Nazir onu da bildirdi ki, ötən il 420, bu ilin 6 ayı ərzində isə 244 mətbuat orqanı qeydiyyatdan keçib.

Penitensiar sistemdə aparılan kadr dəyişikliklərinin müsbət nəticələr verdiyini söyləyən nazir bununla yanaşı məhkəmə sistemindəki qüsurlardan da danışdı. "Bəzi hakimlər üzərlərində nəzarət olmamasından istifadə edərək özbaşınalıqlara yol verirlər, ədalətsiz qərarlar çıxarırlar" - deyən nazir bu hərəkətlərinə görə 13 hakimin intizam qaydasında cəza icraatına cəlb edildiyini vurğuladı: "Məhkəmə Hüquq Şurası tərəfindən bu hakimlərin 6-sı artıq cəzalanıb, 3-ü barəsində intizam icraatına xitam verilib. Yerdə qalanları da yaxın vaxtlarda cəzalandırılacaq".

Nazir yeni hakim korpusunun formalaşması məsələsinə də toxundu və qeyd etdi ki, obyektiv səbəblər üzündən test imtahanlarının tarixi dəqiq bilinmir. "Baxmayaraq ki, sentyabr ayında indiki hakim korpusunun fəaliyyət müddəti bitir, bu korpusun fəaliyyət müddəti yeni hakim korpusu formalaşana qədər uzadılacaq" deyə nazir söylədi.

Xəbər lenti

Xəbər lenti