...

AVROPA ŞURASININ NÜMAYƏNDƏSİ DÖVLƏT ORQANLARININ NÜMAYƏNDƏLƏRİ İLƏ MSK-DA GÖRÜŞ KEÇİRİB

Siyasət Materials 5 Avqust 2005 14:22 (UTC +04:00)

Avqustun 4-də Mərkəzi Seçki Komissiyasında (MSK) Avropa Şurasının Siyasi İşlər İdarəsinin müşaviri Plamen Nikolovla görüş keçirilib. Bu barədə Trend ə MSK-dan məlumat verilib. Görüşdə Prezidentin İcra Aparatının, Mərkəzi Seçki Komissiyasının, Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Xarici İşlər Nazirliyinin və Milli Teleradio Şurasının nümayənədələri, habelə Avropa Şurası İnformasiya Ofisinin rəhbəri İlqar İbrahimli iştirak edib.

Plamen Nikolov gəlişinin məqsədinin Azərbaycanda seçkiqabağı vəziyyətlə tanışlıq, xüsusilə də seçicilərin maarifləndirilməsi işinin gedişi barədə məlumat almaq olduğunu deyib. MSK-nın katibi Natiq Məmmədov bildirib ki, hələ seçkilərə start verilməmişdən öncə MSK AzTI vasitəsilə seçicilərin maarifləndirilməsi proqramını həyata keçirib. Həmin proqramda MSK üzvləri müxtəlif mövzularla bağlı çıxışlar ediblər.

Bundan əlavə, Komissiyanın üzvləri rəsmi dövri nəşrlə də seçicilərin maarifləndirilməsinə yönəlmiş məqalələr dərc etdiriblər. MSK sözügedən məsələ ilə bağlı artıq 2 formada hərəsi 20 min tiraj olmaqla təşviqat plakatı çap etdirib. Həmçinin seçicilərin maarifləndirilməsinə xidmət edən reklam çarxlarının çəkilişi də nəzərədə tutulur.

MSK katibi lal-kar və gözdən əlil seçicilərin səsverməsinin təşkili ilə bağlı da proqramların işlənib hazırlandığını qonaqların diqqətinə çatdırıb. N.Məmmədov MSK-nın bölgələrdə keçirdiyi seminar-müşavirələr və treninqlər barədə də məlumat verib.

P.Nikolov seçici vəsiqələri və şəxsiyyət vəsiqələrinin seçicilərə çatdırılması işinin hansı səviyyədə olması ilə maraqlanıb. Artıq 2 milyondan çox vətəndaşın seçici vəsiqəsi ilə təmin edildiyini deyən MSK katibinin sözlərinə görə, qurumun qərarına əsasən sentyabr ayının əvvəllərinə qədər bu iş başa çatdırılmalıdır.

Daxili işlər nazirinin müavini Oruc Zalov isə vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi işinin sürətləndirildiyini qonağın diqqətinə çatdırıb və onu əmin edib ki, bu problem də öz həllini tapacaq. Prezidentin İcra Aparatı ictimai-siyasi şöbəsinin müdiri Iüqar Əliyev də prezident İlham Əliyevin 11 may 2005-ci il tarixli sərəncamında maarifləndirmə məsələsinin xüsusi vurğulandığını bildirib. O, Prezidentin İcra Aparatının bu istiqamətdə gördüyü işlərdən danışıb.

Ədliyyə Nazirliyinin nümayəndəsi Sübhi Kazımov isə Prezidentin İcra Aparatının təşkilatçılığı, İREX və USAİD-in maliyyə dəstəyi ilə regional televiziyalarda seçicilərin maarifləndidrlməsinə xidmət edən tok-şouların keçirildiyini və bu verilişlərdə Prezidentin İcra Aparatının, Milli Məclisin, MSK-nın, Daxili İşlər Naziriliyinin və Ədliyyə Nazirliyinin nümayəndələrinin iştirak etdiyini qonaqların diqqətinə çatdırıb.

Xəbər lenti

Xəbər lenti