...

İQBAL AĞAZADƏ: "ARTIQ "AZADLIQ" BLOKU İLƏ HÜQUQİ VƏ SİYASİ MÜTTƏFİQLİYİMİZ YOXDUR"

Siyasət Materials 8 Avqust 2005 12:54 (UTC +04:00)

"Hər hansı bir seçki blokuna qoşulmağım qeyri-mümkündür. Mən yalnız öz partiyam tərəfindən dəstəklənirəm və mənim üçün bu yetərlidir". Bu fikirləri Trend ə açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib. O qeyd edib ki, seçki blokları siyasi partiyalarla yalnız seçkilərin demokratik, ədalətli keçirilməsi istiqamətində əməkdaşlıq edə bilər. Seçki bloklarına qoşulmağı, onların namizədlər siyahısı üzrə iştirak etməyi isə İ.Ağazadə istina edib.

Qeyd edək ki, Ümid Partiyasının vaxtilə müttəfiq olduğu Müsavat Partiyası İ.Ağazadəni öz namizədlər siyahısına daxil etməyib. Əksinə, "Azadlıq" bloku İqbal Ağazadənin namizədliyini verdiyi 35 saylı Xətai 3-cü seçki dairəsindən öz namizədini - AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlının namizədliyini irəli sürüb. İ.Ağazadənin namizədliyini nəinki dəstəkləməyən, hətta ona rəqib olaraq öz namizədini irəli sürən "Azadlıq" bloku artıq Ümid Partiyası ilə hüquqi və siyasi müttəfiq deyil. Bu fikri də İ.Ağazadə dilə gətirib.

""Azadlıq" blokunun mənim namizədliyimi dəstəkləməməsi mənim yox, onların problemidir. Görünür, Ümid Partiyasını bu bloka qəbul etmək, orada görmək istəməyiblər. Ona görə də "Azadlıq" bloku ilə bizim hüquqi və siyasi müttəfiqliyimiz yoxdur"-deyə İ.Ağazadə bildirib. O, həmçinin əlavə edib ki, Ümid Partiyasının parlament seçkisində 34 nəfər namizədi var, onlardan 28 nəfəri seçki dairələrinə müraciət edib. İqbal Ağazadə özü isə imzatoplama kampaniyasını başa çatdırıb və imza vərəqələrini təhvil verib.

Xəbər lenti

Xəbər lenti