...

SİYAVUŞ NOVRUZOV: "YAP-ÇI GƏNCLƏR HƏR BİR VƏTƏNDAŞ KİMİ ÖZ ETİRAZLARINI BİLDİRİBLƏR"

Siyasət Materials 10 Avqust 2005 20:06 (UTC +04:00)

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov avqustun 10-da saat 15.00 radələrində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) qarşısında keçirilən növbəti aksiyanın təşkilatçısı olması barədə yayılan məlumatı təkzib edib. Siyavuş Novruzov Trend ə açıqlamasında YAP-ın Gənclər Təşkilatının etiraz aksiyasının təşkilində iştirak etmədiyini deyib.

Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan gənclər AXCP nümayəndəsinin ermənilərlə əlaqəsinə etiraz əlaməti olaraq aksiya keçiriblər. "YAP-çı gənclər etiraz aksiyası keçiriblərsə, bu o demək deyil ki, onu mən təşkil etmişəm. YAP-ın gənc üzvləri sadəcə olaraq hər bir vətəndaş kimi öz etirazlarını bildiriblər"-deyə S.Novruzov qeyd edib.

YAP-ın icra katibinin müavini aksiya zamanı gənclərin onunla telefon əlaqəsi yaratması barədə məlumatları da təsdiqləməyib. Qeyd edək ki, AXCP-dən bildiriblər ki, aksiya iştirakçılarının bir qrupu tez-tez Siyavuş Novruzovla telefon əlaqəsi saxlayaraq polislərin onları partiyanın qərargahına buraxmadıqlarını deyirdilər.

Buna görə də AXCP bu qənaətdədir ki, partiyaya qarşı aparılan kampaniya, mütəmadi etiraz aksiyaları iqtidar tərəfindən təşkil edilir.

Siyavuş Novruzov isə bildirib ki, YAP üzvlərinin digər siyasi qüvvələr və sıravi vətəndaşlar kimi etirazını bildirmək hüququ var: "Aksiya iştirakçıları kiminləsə telefonla danışıblarsa, bu hökmən mən olmalıyam? Siyavuş adında o qədər adam var ki" -deyə YAP funksioneri əlavə edib.

Xəbər lenti

Xəbər lenti