...

QAT RUSLAN BƏŞİRLİYİNİN BARƏSİNDƏ DEYİLƏN İTTİHAMLARA CAVAB VERİB

Siyasət Materials 11 Avqust 2005 16:28 (UTC +04:00)

Qarabağ Azadlıq Təşkilatı (QAT) bəzi kütləvi informasiya vasitələrində aparılan qarayaxma kampaniyasına etiraz bəyanatı qəbul edib. Bu barədə Trend ə QAT-dan məlumat verilib.

Qurumun bəyanatında bildirilir ki, bəzi kütləvi informasiya vasitələrində QAT Ruslan Bəşirlinin hərəkətlərinə münasibət bildirməməkdə ittiham olunur, bəzi hallarda isə irad və tənqidlər reallıqdan, etikadan kənara çıxır. Etiraz bəyanatında deyilir ki, bu ittihamların heç birinin QAT-a aidiyyətı yoxdur və belə iradlar tamamilə əsassız və qərəzlidir.

R.Bəşirli ilə bağlı QAT bəyan edib ki, bu gənc böyük bir yanlışlığa yol verib, milli mənsubiyyəti şübhəli olan şəxslərlə Qarabağ mövzusunda səviyyəsiz söhbətlər aparıb. "Ruslan Bəşirli bu hərəkətinə görə mənəvi məsuliyyət daşıyır.

Lakin onun barəsində məhkəmə qərarı olmadığına görə bir tərəfdən onun cinayətkara, digər tərəfdən isə qəhrəmana çevirmək cəhdləri yolverilməzdir. Biz hər iki tərəfin bu ifrat mövqeyini qətiyyətlə pisləyirik"-deyə QAT-ın bəyanatında vurğulanır.

QAT həmçinin bəyan edib ki, günahı sübuta yetirilərsə, həm R.Bəşirliyinin hərəkəti və onu əsassız yerə müdafiə edənlərin, həm də bu hadisədən sonra müxalifətə qarşı hücuma keçənlərin, qara təbliğatla məşğul olanların mövqeyi Qarabağın taleyinə və milli maraqlara zərbədir.

QAT hesab edir ki, qaçqın və məcburi köçkünlərdən öz maraqları üçün istifadə edənlərin bu hərəkətlərinə dərhal son qoyulmalıdır: "Əks halda Qarabağ Azadlıq Təşkilatı sərt mövqeyi ilə üz-üzə gələcəklər. Biz heç kəsə Qarabağın taleyi ilə oynamağa, siyasi möhtəkirlik etməyə imkan verməyəcəyik"-deyə bəyanatın sonunda vurğulanır.

Xəbər lenti

Xəbər lenti