...

AZƏRRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ SUMQAYITA SƏFƏR EDİR

Siyasət Materials 12 Avqust 2005 12:28 (UTC +04:00)

Avqustun 12-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Sumqayıtda səfərdədir.
Trend in məlumatına görə, əvvəlcə dövlət başçısı Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin abidəsinin açılışında iştirak edib.

Prezident çıxışı zamanı Sumqayıtın inkişafında, o cümlədən onun sənaye potensialının yaradılmasında H.Əliyevin böyük xidmətinin olduğunu vurğulayıb.

O qeyd edib ki, ölkə iqtisadiyyatının inkişaf səviyyəsi ilk altı ay ərzində 20% təşkil edib. Bu isə yüksək göstəricidir.

Dövlət başçısı onu da bildirib ki, ölkədə yoxsulluğun azaldılması proqramı uğurla həyata keçirilir. Lakin işsizliyin səviyyəsi əvvəlki kimi yüksəkdir və onun azaldılması ilə bağlı işlər davam etdirilir.

"Mən istəyirəm ki, Azərbaycan xalqı yaxşı yaşasın və yüksək əmək haqqı alsın", - deyə o bildirib. Ölkə başçısı həmçinin əhalinin su, elektrik enerjisi, qaz və istiliklə təmin olunması kimi məişət problemlərinə toxunaraq onların həll olunacağını qeyd edib.

Onun sözlərinə görə, 506 MqVatt gücündə Sumqayıt elektrik stansiyası ölkənin energetika təhlükəsizliyini təmin etməyə imkan verəcək.

İ.Əliyev qarşıdakı parlament seçkilərinə toxunaraq qeyd edib ki, seçkilər zamanı Azərbaycanın Seçki Məcəlləsinin bütün bəndlərinə riayət olunacaq, seçkilər isə demokratik və şəffaf şəraitdə keçməlidir.

"Yerli orqanlar vətəndaşların səsvermə prosesinə qarışmamalıdır. Mən əminəm ki, müdrik Azərbaycan xalqı düzgün seçim edərək onlara xidmət edəcək namizədlərə səs verəcək. Əvvəllər ölkədə xaos yaratmış şəxslərə isə siyasətdə yer yoxdur", - deyə İ.Əliyev vurğulayıb.

O bildirib ki, 2006-cı ilin dövlət büdcəsi minimum 3 mlrd manat təşkil edəcək. 2005-ci ilin büdcəsi əvvəlki illə müqayisədə 40%, hərbi ehtiyacların ödəlnilməsinə çəkilən xərclər isə 76% artıb.

Prezidentin Sumqayıta səfəri davam edir.

Xəbər lenti

Xəbər lenti