...

GƏNCƏDƏ YERLİ MƏHSULLARDAN İBARƏT YARMARKA AÇILIB

Siyasət Materials 12 Avqust 2005 16:06 (UTC +04:00)

Avqustun 12-də Yeni Gəncə yaşayış massivində şəhər İcra Hakimiyyəti, Kəpəz və Nizami bələdiyyələri və Gəncə biznes qrupunun təşəbbüsü ilə kənd təsərrüfatı məhsulları və gündəlik tələbat mallarının səyyar satış yarmarkası təşkil olunub.

Yarmarkaya Gəncənin istehsal müəssisələri və iş adamları ilə yanaşı ətraf rayonlarda fəaliyyət göstərən fermer və sahibkarlar da dəvət olunublar. Satış yarmarkasına çıxarılan geniş çeşiddə ərzaq və kənd təsərrüfatı məhsulları əhaliyə orta bazar qiymətlərindən aşağı təklif olunub.

Qeyd edək ki, yarmarkada "Elba", "Ankara+", "İnterpak", "Final", "Neon" və bir çox şirkətlərin məhsullarına rast gəlmək olardı. Gəncə şəhər İcra Hakimiyyəti başçısının sosial iqtisadi məsələlər üzrə müavini, şöbə müdiri İlham Əliyev qeyd edib ki, satış yarmarkasına 8 rayonun iş adamları dəvət olunub.

İ.Əliyev yarmarkanın açılışının ölkə prezidentinin antiinfilyasiya ilə bağlı imzaladığı fərmana uyğun olaraq, ölkədə bu yönümdə aparılan tədbirlərə dəstək olduğunu da vurğulayıb.

Qeyd edək ki, sahibkarlar yarmarkanın təşkilini öz məhsullarının tanıdılması baxımından əhəmiyyətli olduğunu, alıcılar isə təklif olunan məhsulların keyfiyyətindən və ucuzluğundan razılıqlarını ifadə ediblər.

Xəbər lenti

Xəbər lenti