ABŞ-ın Milli Demokratiya İnstitutu (NDİ) nümayəndələrinin Azərbaycanda keçiriləcək parlament seçkilərində iştirak etmələri məsələsi hələlik həll olunmayıb. Lakin bunun üçün heç bir maneə yoxdur. Bu barədə Trend ə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
Nazir qeyd edib ki, o, Vaşinqtona artıq başa çatmış səfəri gedişində müxtəlif qeyri-hökumət təşkilatları, o cümlədən NDİ nümayəndələri ilə görüşlər keçirib.
"NDİ nümayəndələri noyabrın 6-da keçiriləcək seçkilərdə iştirak etmək arzusunda olduqlarını bildiriblər. Bunun üçün Azərbaycanın Xarici İşlər Nazirliyinə müvafiq məktub göndərmək lazımdır" - deyə nazir bildirib.
"Biz yalnız beynəlxalq təşkilatlara dəvət məktubu göndəririk. Belə məktublar artıq BMT, Avropa Şurası və ATƏT-ə göndərilib", - deyə E.Məmmədyarov vurğulayıb.
Diplomatın sözlərinə görə, AŞ və ATƏT artıq bu dəvətə müsbət cavat verib. BMT-yə gəldikdə isə hələlik heç bir cavab yoxdur. Lakin rəsmi Bakı müsbət cavab alacağına ümid edir.
"İstənilən təşkilat noyabrın 6-da Milli Məclisə seçkilərin monitorinqində iştirak edə bilər", - deyə nazir vurğulayıb.