...

RASİM MUSABƏYOV: "AZADLIQ" BLOKUNUN QƏRARINA BAXMAYARAQ SEÇİCİLƏR VƏ BLOK ÜZVLƏRİ MƏNƏ SƏS VERƏCƏKLƏR

Siyasət Materials 16 Avqust 2005 14:19 (UTC +04:00)

"Müsavat Partiyasının funksionerləri İbrahim İbrahimli və Rasim Musabəyovun partiyadan xaric olunması kifayət qədər ciddi və mürəkkəb məsələdir.

Çalışacağıq ki, bu məsələnin normal həlli yolunu tapaq". Bu fikirləri Trend ə açıqlamasında Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib. Qeyd edək ki, Müsavatın başqan müavini İbrahim İbrahimli və partiyanın Divan üzvü Rasim Musabəyov "Azadlıq" blokunun namizədlər siyahısı üzrə deyil, özləri müstəqil şəkildə parlament seçkisində iştirak edirlər. Buna görə də hər iki şəxsin partiya sıralarından xaric olunması məsələsi gündəmə gəlib.

İsa Qəmbər bildirib ki, "Azadlıq" blokunun siyahısından kənara çıxan üzvlərin həmin partiyadan xaric olunmasına dair rəsmi qərarı yoxdur. Lakin blok liderləri şifahi şəkildə fikrini ifadə ediblər ki, ümumi qərarın əleyhinə gedənlər barəsində bu kimi tədbirlər görülə bilər. Müsavat başqanının sözlərinə görə, İ.İbrahimli və R.Musabəyovun məsələsi blokun liderlərinin müzakirəsinə çıxarılaraq problemin həlli üçün ortaq məxrəc tapıla bilər.

Rasim Musabəyov isə bununla bağlı fikirlərini bildirərkən qeyd edib ki, onu Müsavat Partiyasının Divan üzvlüyündən heç kəs çıxara bilməz. R.Musabəyovun sözlərinə görə, Divanın iclasında hətta səsvermə ilə də onun partiyadan xaric olunması mümkün deyil: "Müsavat Partiyasında fəaliyyətimə xitam verilməsinə dair yalnız özüm qərar verə bilərəm. Amma mən özüm də öz partiyadaşlarımı çətin vəziyyətdə qoymayacam.

Mənə görə problem yarandığını görsəm, Müsavat Partiyasında fəaliyyətimə xitam verilməsinə dair özüm qərara gələcəm. Amma hamı bilir ki mən 10 ildir Müsavat Partiyasının rəhbərliyində təmsil olunuram, "Azadlıq" blokunda mənim seçkidə rəqibim ADP-nin nümayəndəsidir.

Mən əminəm ki, Azadlıq blokunun qərarına baxmayaraq, seçicilər, blok üzvlərindən isə nəinki müsavatçılar, hətta cəbhəçilər də mənə səs verəcəklər"-deyə R.Musabəyov vurğulayıb. O, bu həftə imzatoplama kampaniyasını başa çatdıraraq, Nəsimi rayon 23 saylı seçki dairəsinə təqdim edəcəyini də bildirib.

Xəbər lenti

Xəbər lenti