...

HAFİZ PAŞAYEV: ABŞ-IN DAĞLIQ QARABAĞLA BAĞLI İSTƏNİLƏN SİYASİ VƏ YA İQTİSADİ TƏŞƏBBÜSÜ AZƏRBAYCANIN HÜQUQİ, SİYASİ VƏ İQTİSADİ MARAQLARI NƏZƏRƏ ALINMAQLA İRƏLİ SÜRÜLMƏLİDİR

Siyasət Materials 19 Avqust 2005 17:15 (UTC +04:00)
HAFİZ PAŞAYEV: ABŞ-IN DAĞLIQ QARABAĞLA BAĞLI İSTƏNİLƏN SİYASİ VƏ YA İQTİSADİ TƏŞƏBBÜSÜ AZƏRBAYCANIN HÜQUQİ, SİYASİ VƏ İQTİSADİ MARAQLARI NƏZƏRƏ ALINMAQLA İRƏLİ SÜRÜLMƏLİDİR

Azərbaycanın Vaşinqtondakı səfiri Hafiz Paşayev ABŞ Konqresinin bütün üzvlərinə Komissiyanın erməni məsələləri üzrə həmsədrləri Frenk Pallone (Nyu-Cersi ştatı) və Co Nollenberqin (Miçiqan ştatı) saxtalaşdırılmış bəyanatlarına uymamağa çağıran məktub göndərib.

Trend in "AzərTac"a istinadən bildirdiyinə görə, ABŞ Konqressi komissiyasının bu ermənipərəst həmsədrləri çoxlu sayda konqressmenlərin imzalarını toplamağı və tanınmamış Dağlıq Qarabağ rejiminə yardımın artırılması xahişinin əks olunduğu məktubu prezident Corc Buşun adına göndərmək məqsədi güdüblər.

Azərbaycan səfirinin məktubunda o da vurğulanır ki, Pallone və Nollenberqin müraciətində regionda vəziyyətə dair məlumat və Dağlıq Qarabağın statusunun müəyyən olunması məsələsi üzrə beynəlxalq ictimaiyyətin mövqeyi təhrif olunub.

Məktubda, həmçinin, o da qeyd olunur ki, Dağlıq Qarabağ heç zaman Ermənistanın tərkibinə daxil olmayıb. Həmin ərazilər Azərbaycanın bir hissəsidir və bu fakt BMT və digər beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənib.

"ABŞ-ın Dağlıq Qarabağla bağlı istənilən siyasi və iqtisadi təşəbbüsü Azərbaycanın hüquqi, siyasi və iqtisadi maraqları nəzərə alınmaqla irəli sürülməlidir", - deyə H.Paşayevin məktubunda bildirilir.

Konqressmenlərə ünvanlanmış müraciətdə Ermənistan tərəfindən Dağlıq Qarabağın və ona yaxın 7 rayonun işğal olunması, nəticədə 1 milyondan artıq adamın yurd-yuvalarından didərgin düşməsi faktı üzrə ətraflı məlumat verilir.

Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə apardıqdan sonra Dağlıq Qarabağ və Ermənistan erməniləri bir neçə seçki keçirərək "demokratikləşmə" kampaniyasına başlayıblar.

Lakin bu seçkilər beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmayıb. ABŞ Azərbaycanın işğal olunmuş ərazilərində seçkilərin keçirilməsini "qeyri-qanuni və ATƏT-in Minsk qrupunun fəaliyyətinə əngəl" olduğunu bildirib.

Məktubda, həmçinin o da bildirilib ki, Ermənistan Azərbaycanın ərazilərindən qüvvələrini qeyd-şərtsiz çıxarmaq haqqında BMT Təhlükəsizlik Şurasının qətnaməsinin müddəalarını yerinə yetirməyib.

Rusiyanın 1994-cü ildə atəşkəs rejiminə dair sazişin imzalanması prosesində vasitəçi kimi çıxış etməsinə baxmayaraq, məhz Moskvanın Ermənistana hərbi dəstəyi, o cümlədən qeyri qanuni olaraq 1 milyard dollar məbləğində silah və texnika verməsi ermənilərə Azərbaycana qarşı işğalçılıq siyasətini həyata keçirməkdə kömək edib.

Səfir konqressmenləri Azərbaycanın ərazi btövlüyünün tanınması ilə bağlı Ağ Evin rəsmi mövqeyinə hörmətlə yanaşmağa çağırıb.

"Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının davam etdiyi dövrdə Pallone-Nollenberq təşəbbüsünə bənzər çıxışlar yol verilməzdir, - deyə müraciətdə qeyd olunur.

Xəbər lenti

Xəbər lenti