...

RAUF ARİFOĞLUNUN MƏQSƏDİ ELMAR HÜSEYNOVUN QƏTLİNDƏN SİYASİ DİVİDENTLƏR QAZANMAQDIR

Siyasət Materials 19 Avqust 2005 20:00 (UTC +04:00)

"Monitor" jurnalının baş redaktoru, mərhum Elmar Hüseynovun qətli ilə bağlı bəzi yerli KİV-də, əsasən də "Yeni Müsavat" qəzetində konkret faktlara söykənməyən müxtəlif səpgili yazılar dərc edilir. Bu barədə Trend ə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyindən (MTN) məlumat verilib.

Məlumatda bildirilir ki, cinayət törədildiyi andan həyata keçirilən istintaq hərəkətlərinin və əməliyyat-axtarış tədbirlərinin nəticələri barədə dəfələrlə məlumatlar verilməsinə baxmayaraq, bəzi qəzetlərin səhifələrində qətl hadisəsi və istintaqın gedişi haqqında ictimai rəyi çaşdırmağa yönələn yozmalar, mülahizələr irəli sürülür.

"Yeni Müsavat"ın son saylarında geniş ictimai rezonans doğurmuş bu cinayət hadisəsi, habelə qətlin törədilməsində təqsirli bilinən şəxslərin öldürülməsi, cinayətin sifarişçiləri və maliyyələşdirilməsi barədə konkret faktların mövcudluğu iddia olunur.

Həmin yazılarla bağlı MTN-nin sorğusu zamanı "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu bu silsilə yazıların onun tərəfindən yazıldılığını bildirib.

Bununla əlaqədar o, şahid qismində istintaqa dəvət edilib. Ancaq dindirmə zamanı həmin yazıları gah etibarlı və məlumatlı edilməyən mənbələrə istinadən yazdığını, gah da məqalələrdəki məlumatların ona şəhər telefonu ilə anonim verildiyini bildirib.

Bundan başqa o, Elmar Hüseynovun qətli ilə bağlı yazdığı məqalələrdə adlarını hallandırdığı müxtəlif şəxslərin bu cinayətlə bağlılığı barədə hər hansı bir konkret fakta malik olmadığını qeyd edib.

"Bütün bunlar göstərir ki, göstərir ki, Rauf Arifoğlunun əsas məqsədi yalnız ictimai rəyi çaşdırmaq, Elmar Hüseynovun qətlindən siyasi dividentlər qazanmaqdır.

MTN və Azərbaycan Respublikasının Baş Prokurorluğu bir daha bəyan edir ki, Elmar Hüseynova qarşı törədilmiş terror aktının bütün iştirakçılarının ifşası və tutulması üçün intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir və istintaqın gedişi barədə ictimaiyyət vaxtaşırı məlumatlandırılacaq" - deyə MTN-nin mətbuat xidməti bəyan edib.

Xəbər lenti

Xəbər lenti