...

MİRMAHMUD MİRƏLİOĞLU: ""AZADLIQ" VƏ "YENİ SİYASƏT" BLOKLARINI MÜXALİFƏT HESAB ETMİRƏM"

Siyasət Materials 22 Avqust 2005 15:40 (UTC +04:00)

"Klassiklər" AXCP- nın sədri Mirmahmud Mirəlioğlu parlament seçkisində iştirakla bağlı imza toplama kampaniyasını başa çatdırıb və imza vərələqələrini dairə seçki komissiyasına təhvil verib. Bu barədə Trend də Mirmahmud Mirəlioğlu məlumat verib.

Qeyd edək ki, onun namizədliyini irəli sürdüyü 45 saylı Abşeron seçki dairəsindən "Yeni Siyasət" blokunun üzvü Araz Əlizadə, həmçinin "Azadlıq" və "Demokratik Azərbaycan" seçki bloklarının üzvləri namizədliyini verib.

Müxalifətin bir neçə namizədi ilə eyni dairədə rəqib olması ilə bağlı fikirlərini bildirərkən M.Mirəlioğlu deyib ki, razılığa gəlinməsinə dair qarşı tərəflərlə heç bir müzakirələr aparmayıblar.

O, həmçinin əlavə edib ki, müxlaifət daxilində heç bir birlik və həmrəylik olmadığına görə artıq razılaşma mərhələsi də bitib: "Mən özümdən başqa heç kimi müxalifət hesab etmirəm, həmçinin "Azadlıq" və "Yeni Siyasət" bloklarını da.

Onlar müxalifət olaraq bizdən dəyərli addımlar atmayıblar. Əli Kərimli nə zamandan müxalifətdir ki, o blok da müxalifət bloku olsun?"-deyə M.Mirəlioğlu bildirib.

Qeyd edək ki, bir neçə il əvvəl hakimiyyətin bərabər bölüşdürülməsinə dair "Klassiklər" AXCP-si ilə Müsavat Partiyası arasında ikitərəfli saziş imzalanmış, bu iki partiya bir-biri ilə ən yaxın müttəfiq idilər.

M.Mirəlioğlu bu müttəfiqliyin artıq çoxdan sona çatdığını və arada heç bir əməkdaşlıq olmadığını vurğulayıb: "Bizi "Azadlıq" blokunda heç bir müttəfiqimiz yoxdur, çünki Müsavat Partiyası ilə müttəfiqliyə xitam verilib. Mən 45 saylı Abşeron dairəsindən namizədliyimi irəli sürəcəyimə dair bildirişimi vermişdim.

Amma Müsavat Partiyası "Yurd" ilə yarışa girərək seçim edib öz namizədlərini irəli sürdülər. "Demokratik Azərbaycan" bloku isə o dairədən hətta iki namizəd irəli sürüb.

Bu o deməkdir ki, müxalifət daxilində münasibətlər artıq çoxdan korlanıb və münasibətlərin yaxşı olmasından söhbət belə gedə bilməz"-deyə M.Mirəlioğlu vurğulayıb.

"Klassiklər"in sədri deyib ki, 45 saylı Abşeron dairəsindən özündən başqa namizədliyini irəli sürmüş 25 nəfərin hər birinə hörmətlə yanaşır və mübarizəsini sonadək aparacaq: "Rəqiblərlərimlə bağlı heç bir problem görmürəm və mən seçkidə öz mandatımı alacağam"-M.Mirəlioğlu əlavə edib.

Xəbər lenti

Xəbər lenti