...

"VƏTƏNDAŞ CƏMİYYƏTİ QURUCULARI" BLOKUNUN SEÇKİ QƏRARGAHI DAĞIDILIB, RƏHBƏRİ DÖYÜLÜB

Siyasət Materials 22 Avqust 2005 19:52 (UTC +04:00)

Avqustun 22-də saat 11.00 radələrində üç nəfər naməlum şəxs qəflətən Vətəndaş Cəmiyyəti Qurucuları Seçki Blokunun qərargahına hücum edərək blokun seçki qərargahının rəhbəri, Ehtiyatda və İstefada Olan Zabitlər İttifaqının sədri Yadigar Cəfərlini döyərək ona ağır bədən xəsarəti yetiriblər. Bu barədə Trend ə AMDP-dən məlumat daxil olub.

Hadisə ilə bağlı Azərbaycan Milli Demokrat Partiyası (AMDP) və "Vətəndaş Cəmiyyəti Qurucuları" Seçki Bloku daxili işlər naziri Ramil Usubova, Milli təhlükəsizlik naziri Aldar Mahmudova, baş prokuror Zakir Qaralova, Azərbaycanda akkreditə olunmuş diplomatik korpuslara, beynəlxalq təşkilatlara, hüquq müdafiəçilərinə və kütləvi informasiya vasitələrinə müraciət ünvanlayıb.

Müraciətdə müxalifət qarşı təzyiqlərin daha ciddi formada həyata keçirildiyi, ayrı-ayrı müxalifət nümayəndələrinə psixoloji təzyiqlərin fiziki zor tətbiq etməklə əvəzləndiyi bildirilir. Avqustun 22-də seçki blokunun qərargahına edilən hücum və Yadigar Cəfərliyə xəsarəti yetirilməsi barədə məlumat verilir.

Aldığı xəsarət nəticəsində huşunu itirən Y.Cəfərli ayılandan sonra seçki blokunun mənzil qərargahının avadanlıqlarının - stol-stulların, kompüter dəstinin, telefon aparatının, surətçıxaran maşının və digər əşyaların sındırılaraq yararsız vəziyyətə salındığını görüb.

Hadisə ilə bağlı dərhal polisə xəbər verilsə də, Yasamal rayon 27-ci polis bölməsinin sahə müvəkkili, polis mayoru Asif Məmmədov bu məsələyə laqeyd münasibət göstərib.

"Polis zabitinin seçki ərəfəsində Seçki blokunun mənzil-qərargahında baş vermiş cinayət hadisəsinə bu cür laqeyd münasibət göstərməsi əslində bir çox mətləblərdən xəbər verir.

Azərbaycan Milli Demokrat Partiyası və "Vətəndaş Cəmiyyəti Qurucuları" Seçki Bloku bu hadisəni vandalizm kimi dəyərləndirir, hüquq-mühafizə orqanlarından təqsirkarların tez bir zamanda tapılıb mühakimə olunmasını tələb edir.

Eyni zamanda diplomatik korpuslardan, beynəlxalq təşkilatlardan, hüquq müdafiəçilərindən, KİV-lərdən bu hadisəni diqqətdə saxlamağı xahiş edirik"-deyə müraciətdə bildirilir.

Xəbər lenti

Xəbər lenti