...

HACI MƏMMƏDOVUN YAXIN QOHUMU XOSROV CAVADOV 3 İL 6 AY MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLDİ

Siyasət Materials 22 Avqust 2005 20:31 (UTC +04:00)

Avqustun 22-də DİN Cinayət-Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun yaxın qohumu Xosrov Cavadovun işi üzrə Abşeron rayon Məhkəməsində hakim Rasim Ağayevin sədrliyi ilə keçirilən məhkəmə prosesi başa çatıb. Trend məlumat verir ki, saat 15.00-a təyin olunmuş məhkəmə iclası axşam saat 20-də baş tutub.

Hakim Rasim Agayev nə nə nüttəhimə, nə vəkilə, nə də prosesi işıqlandırmaq üçün 5 saatdan artıq zalda gözləyən jurnalistlərə ləngimənin səbəblərini izah etməyib.

Saat 20.00-də məhkəmə zalına daxil olan hakim tələsik şəkildə hökmü elan edərək zaldan çıxıb. AR CM-nin 228.2.1 maddələri ilə təqsirləndirilən Xosrov Cavadov həmin hökmlə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məlum olduğu kimi, X.Cavadova qarşı irəli sürülmüş ittihama görə, o, Saray qəsəbəsində yerləşən mülkündə qanunsuz odlu silah saxlayıb. Bu silahlar Hacı Məmmədovun həbsindən sonra həmin mülkdə axtarış aparılarkən aşkar olunub.

Hakim çıxışı zamanı ibtidai istintaq orqanları tərəfindən Xosrov Cavadova qarşı irəli sürülmüş ittihamların məhkəmə yolu ilə təsdiqləndiyini bildirib. Hakim qeyd edib ki, sözügedən qanunsuz silahın Xosrov Cavadova məxsus olması barədə kifayət qədər şahid ifadələri səslənib.

Xosrov Cavadovsa təqsirsiz olduğunu bir daha məhkəmənin nəzərinə çatdırıb və söyləyib ki, həmin silahlar qaynı Hacı Məmmədova məxsus olub. "Məni isə hər hansı silaha görə yox, sadəcə, Hacı Məmmədovun qohumu olduğuma görə həbs ediblər" - deyə Xosrov Cavadov bildirib.

Məhkumun vəkili Aydın Nəzərli bildirib ki, məhkəmə hökmünü əldə edən günü hökmdən apellyasiya şikayəti hazırlayaraq Apellyasiya Məhkəməsinə təqdim edəcək.

Xəbər lenti

Xəbər lenti