...

AZƏRBAYCAN VƏ ERMƏNİSTAN XİN BAŞÇILARININ GÖRÜŞLƏRİNİN KEÇİRİLMƏ TARİXİNİN DƏYİŞDİRİLMƏSİ HAQQINDA MƏLUMAT TƏKZİB OLUNUR

Siyasət Materials 24 Avqust 2005 11:40 (UTC +04:00)

Bir sıra kütləvi informasiya vasitələrinin Azərbaycan və Ermənistan XİN başçıları Elmar Məmmədyarov və Vardan Oskanyanın görüşlərinin tarixinin dəyişdirilməsi barədə yaydığı məlumat həqiqətə uyğun deyil. Bu barədə Trend "Azadlıq" radiostansiyasına istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, Azərbaycanın Moskvadakı səfirinin birinci katibi Tamella Əhmədova ATƏT-in Minsk qrupunun həmsədrlərinin tövsiyyələri və Rusiya hökumətinin təklifi ilə XİN başçılarının rəsmi görüşünün bu gün (avqustun 24) keçiriləcəyini bildirib.

RİA "Novosti" agentliyinin məlumatına görə, Ermənistanın xarici işlər naziri Vardan Oskanyan jurnalistlərə bildirib ki, "qarşıdakı görüşlə bağlı onda heç bir bədbinlik və ya nikbinlik yoxdur". Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların hər bir mərhələsində yeni elementlər meydana çıxa bilər.

"Əvvəllər biz müəyyən irəliləyişin olmasından danışırdıq, lakin onu xarici işlər nazirləri, daha sonra isə prezidentlər səviyyəsində inkişaf etdirə biləcəyimizi növbəti danışıqlar göstərəcək", - deyə Oskanyan bildirib.

Nazir qarşıdakı görüşün yekunlarına dair proqnoz verməkdə çətinlik çəkib. O vurğulayıb ki, ətrafında danışıqların aparılacağı hər hansı bir sənəd mövcud deyil.

Oskanyanın sözlərinə görə, XİN başçılarının görüşləri Ermənistan və Azərbaycan prezidentləri arasında gedən danışıqların davamıdır. "Prezidentlər bizə tapşırıq veriblər və biz bu istiqamətdə işləyirik. Müəyyən irəliləyişlər var, lakin bizə taprılılmış iş hələ başa çatmayıb", - deyə nazir bildirib.

Öz növbəsində, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı Moskvada bəyan edib ki, Ermənistan və Azərbaycan arasında danışıqlar son yarım il ərzində xeyli fəallaşıb.

"Hesab edirəm ki, dialoq davam etdirilməlidir, Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda irəliləyiş nəzərə çarpır və biz hər hansı bir məxrəcə gəlməliyik", - deyə E.Məmmədyarov bildirib. Onun sözlərinə görə, çərşənbə günü prezidentlərin MDB ölkələri başçılarının sammiti çərçivəsində Kazanda keçiriləcək görüşlərinin formatı müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti