...

AKP SƏDRİ SEÇKİLƏRDƏ İŞTİRAK EDƏ BİLMƏYƏCƏK

Siyasət Materials 24 Avqust 2005 13:56 (UTC +04:00)

"Azərbaycan Kommunist Partiyasının sədri millət vəkili Ramiz Əhmədov növbəti parlament seçkilərində iştirak etməyə bilər. Səbəb səhhətində yaranmış problemlə bağlıdır". Bu barədə Trend ə AKP sədrinin müavini Rüstəm Şahsuvarov bildirib.

Onun sözlərinə görə 1994-cü ilin yaz aylarından R.Əhmədovun ayaqlarında baş qaldıran ağrıların müalicəsi hələ davam edir: "Buna görə də o, seçkilərə qatılacağı ilə bağlı qəti qərara gəlməyib". R.Şahsuvarov onu da qeyd edib ki, R.Əhmədov ay yarım bundan öncə Kürdəmirdə radon vannaları qəbul etməklə müalicə alıb.

Moskvada cərrahiyyə əməliyyatı keçirən partiya sədri hətta səhhətindəki problemi aradan qaldırmaqdan ötrü Almaniyanın Şimali Reyn-Vestfaliya regionunun mərkəzi Düsseldorf şəhərində müalicə kursu keçib: "Ancaq bir effekt olmayıb. Onun özü seçkilərə qatılmaq istərdi, təəssüflər olsun ki, gəzə bilmədiyi, güclə yeridiyi üçün bunu hələ reallaşdıra bilmir".

R.Şahsuvarov onu da vurğulayıb ki, əgər R.Əhmədovun səhhəti normallaşarsa və seçkilərdə iştirak etməyə razılıq verərsə, az vaxtın qalmasına baxmayaraq kommunistlər lazımi sənədləri toplaya bilərlər.

AKP-dən isə 21 kommunist namizədliyini verib. İmzatoplama kampaniyası hələ davam edir.

Xəbər lenti

Xəbər lenti