...

FUAD MUSTAFAYEV: "ƏLİ KƏRİMLİNİN ƏLEYHİNƏ PLAKATLARI HAZIRLAYANLAR CİNAYƏT MƏSULİYYƏTİ DAŞIYIR"

Siyasət Materials 27 Avqust 2005 13:30 (UTC +04:00)

"Əli Kərimlinin və AXCP-nin əleyhinə yönələn növbəti kampaniyanı partiyaya, müxalifətə qarşı təxribat və qanun pozuntusu kimi qiymətləndiririk. Amma belə ucuz kampaniyalar Əli Kərimlinin və parlament seçkisində iştirak edən AXCP-nin digər namizədlərinin seçkidə uğur qazanmasına heç bir mənfi təsir göstərməyəcək". Bu fikirləri Trend ə açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP-islahatçılar) sədrinin birinci müavini Fuad Mustafayev bildirib.

Qeyd edək ki, bu günlərdə AXCP sədri Əli Kərimlinin Ermənistan bayrağı ilə birgə şəkli əks olunan plakatlar şəhərin müxtəlif yerlərinə yapışdırılıb. Fuad Mustafayev bildirib ki, belə kampaniyalar müxalifət liderlərini ləkələmək cəhdlərindən əlavə, həm də ciddi qanun pozuntusudur. Çünki seçkiqabağı təbliğat-təşviqat kampaniyasına hələ rəsmən start verilməyib. F.Mustafayevin sözlərinə görə, müxalifətin əleyhinə əks-təbliğat kampaniyaları ən azından sentyabrın 7-dən başlaya bilər: "Həmin plakatların mətni həqiqətə uyğun deyil və böhtan xarakterlidir. Bu materialları hazırlayanlar və yayanlar hüquqi və cinayət məsuliyyəti daşıyırlar. Plakatların heç bir atributu, ünvanı olmadığından anonimdir. Lakin biz bilirik ki, bunun ünvanı Prezident Aparatıdır"-deyə F.Mustafayev bildirib.

AXCP rəsmisi onu da qeyd edib ki, sözügedən hadisə ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) və müvafiq dövlət orqanlarına müraciət edilib, onlardan bu plakatların müəlliflərinin və aksiyanın icraçılarının tapılması, qanun qarşısında cavab vermələrinin təmin edilməsi tələb olunub.

Xəbər lenti

Xəbər lenti