...

RUSLAN BƏŞİRLİ İLƏ GÖRÜŞƏN GÜRCÜSTAN VƏTƏNDAŞI AZƏRBAYCAN SƏRHƏDİNDƏ YAXALANIB

Siyasət Materials 29 Avqust 2005 20:47 (UTC +04:00)

Dövlət Sərhəd Xidlmətinin Şəmkir sərhəd dəstəsinin xidməti ərazisindən Gürcüstan-Azərbaycan dövlət sərhədini pozaraq qanunsuz yolla ölkəmizə keçmiş, üzərindən şəxsiyyətini təsdiq edən sənədlər olmayan bir nəfər şəxs saxlanılıb. Bu barədə Trend ə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, araşdırma zamanı özünü Gürcüstan vətəndaşı Axviediani Kurami Qeorqiyeviç kimi təqdim etmiş həmin şəxsin üzərindən Ermənistan Respublikasının pul vahidi olan 9 min dram, Azərbaycan Respublikasının mobil operatorlarından biri "Azersell"in telefon nömrələri və həmin nömrələrin məxsus olduğu şəxslərin - Ruslan Bəşirli, Osman Əlimuradov və Səid Nuriyevin adlarının, habelə "Yeni Fikir" Gənclər Təşkilatının İnternet saytının və elektron poçt ünvanlarının qeyd olunduğu kağız parçası aşkar edilərək götürülüb.

Sərhəd pozuntusu ətrafında aparılmış araşdırma zamanı onun əslində Gürcüstanın Qori şəhər sakini, 1956-cı il təvəllüdlü Cibutia Merabi Vaxtanqoviç olması müəyyən edilib.

Merabi Cibutia 28-29 iyul 2005-ci il tarixində Tbilisi şəhərində Ruslan Bəşirli və onun tərcüməçisi Osman Əlimuradovla görüşdüyünü, sonra isə ticarət məqsədilə Ermənistana getdiyini deyib.

Oradan qayıtdıqdan sonra Tbilisi şəhərindən öz yaşadığı evlə telefon vasitəsilə əlaqə saxlayaraq qaynı Tamazi Muxadzeyə Azərbaycandan gələn qonaqlarla bağlı onun Gürcüstanın prokurorluq və xüsusi xidmət orqanları tərəfindən axtarıldığını deyib. Merabi Cibutia cinayət məsuliyyətinə cəlb olunmasından qorxub bu məsələyə aydınlıq gətirmək məqsədilə Azərbaycana gəlib Ruslan Bəşirli ilə görüşmək istəyirmiş.

Bu məqsədlə o, dostu, Tbilisi şəhər sakini Andro Çelidzenin vasitəsilə tanış olduğu Georgiy adlı şəxsin köməkliyi ilə dövlət sərhədini qanunsuz olaraq gizli yolla keçib.

Faktla bağlı avqustun 27-də DSX-nin istintaq və təhqiqat şöbəsi tərəfindən Cibutia Merabi Vaxtanoviç barəsində Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə cinayət işi başlanıb. 28 avqustda o, təqsirləndirilən şəxs qismində cəlb olunaraq Səbail rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətiimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq davam etdirilir.

Xəbər lenti

Xəbər lenti