...

ÖMÜRLÜK HƏBSƏ MƏHKUM EDİLMİŞ "SADVAL"ÇI GÜNAHSIZ OLDUĞUNU İDDİA EDİR

Siyasət Materials 30 Avqust 2005 14:50 (UTC +04:00)

Qobustan Qapalı Həbsxanasında ömürlük cəza çəkən Rahim Məhsimov Ali Məhkəmənin Cinayət İşləri və Hüquq pozmalara Dair İşlər Üzrə Məhkəmə Kollegiyasına (Cİ HPDİÜMK) kassasiya şikayəti verib. Trend məlumat verir ki, Rahim Məhsimov separatçılıqda, qanunsuz hərbi təlimdə, terror aktında iştirak etməkdə və bir sıra ağır əməllərdə təqsirləndirilərək 1995-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin hökmü ilə ömürlük həbsə məhkum edilib.

R.Məhsimova qarşı irəli sürülmüş ittihamlarda göstərilir ki, o, "Sadval" milli ləzgi hərəkatı cəmiyyətinin tərkibində Azərbaycan Respublikasının ərazisində sabitliyi pozmaqda, Qusar, Quba, Xaçmaz rayonlarını Azərbaycandan ayırmaqda, ölkədə təhlükəli dövlət cinayətləri törətməkdə fəal iştirak edib. Bundan əlavə, 19.03.1994-cü ildə Bakı mteropoliteninin "20 yanvar" stansiyasında törədilmiş terror aktına rəhbərlik və iştirak etməsində də təqsirləndirilib.

R.Məhsimov Qobustan Qapalı Həbsxanasından Cİ NPDİÜMK-ya ünvanladığı kassasiya şikayətində ona qarşı irəli sürülmüş ittihamları qondarma və qərəzli adlandıraraq özünü tam təqsirsiz hesab etdiyini bildirib. Məhkum Rusiya Federasiyasında qeydiyatdan keçmiş "Sadval" Cəmiyyətinə qoşulmaqda məqsədini də izah edib.

Həmin cəmiyyətə qəbul olunarkən ona Cəmiyyətin ləzgi xalqının milli mədəniyyətinin inkişafına xidmət göstərəcəyini bildiriblər. "Mənim "Sadval" cəmiyyətində fəaliyyətim bir neçə mitinqdə iştirak etməkdən və həmin Cəmiyyətə bir neçə dəfə üzvlük haqqı yığmaqdan ibarətdir. Bu isə həmin Cəmiyyətin fəal iştirakçısı olduğuma əsas vermir.

"Sadval"çılar Azərbaycan əleyhinə şüarlar səsləndirdikləri halda isə Cəmiyyəti dərhal tərk etmişəm. Bakıda "20 yanvar" metrostansiyasında baş vermiş partlayışda mənim heç bir iştirakım və bu barədə əvvəlcədən məlumatım olmayıb. "Sadval"ın mənimlə birlikdə məhkum edilmiş digər 6 nəfər fəal üzvü ilə heç bir tanışlığım və əlaqəm olmayıb.

Onların Ermənistanda və Dərbənd şəhərində keçirdikləri hərbi təlimlərdə də heç vaxt iştirak etməmişəm" - deyə Rahim Məhsimov müraciətində qeyd edib.

Məhkumun müraciətində daha sonra bildirilir ki, o, ilk həbs edilən "sadval"çı Malik Yəhyabekoviç Rəmixanovun saxta və qərəzli ifadələri əsasında tutularaq məhkum olunub.

Həmin şəxslə isə əvvəlcədən aralarında ədavətin olduğunu vurğulayıb. R.Məhsimov: "Malik Rəmixanovu bir neçə il əvvəl döymüşəm. O, həbs edilərkən məndən qisas almaq məqsədilə mənim barəmdə istintaqa saxta məlumatlar verib. Bu yolla da bir tərəfdən özünü məsuliyyətdən qurtarmasına, digər tərəfdən isə məndən qisas almağa nail olub".

R.Məhsimov bütün bunları qeyd etməklə Cİ NPDİÜMK sədrindən birinci instansiya məhkəməsinin hökmünün ləğv olunması, barəsində bəraət hökmünün çıxarılması, müsadirə olunmuş əmlakının özünə qaytarılması ilə bağlı işin yenidən Apellyasiya Məhkəməsində araşıdırılmasını xahiş edib.

Xəbər lenti

Xəbər lenti