...

ƏLİ KƏRİMLİ POLŞA SƏFƏRİNİN YEKUNLARI BARƏDƏ MƏLUMAT VERİB

Siyasət Materials 31 Avqust 2005 16:13 (UTC +04:00)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) sədri Əli Kərimli avqustun 29-dan 30-dək davam edən Polşa səfərindən qayıdıb. Trend in məlumatına görə, Ə.Kərimli avqustun 31-də mətbuat konfransı keçirərək səfərin yekunları barədə məlumat verib.

O, bildirib ki, Polşanın Varşava və Qdansk şəhərlərində ""Solidarnost"dan Azadlığa doğru" mövzusunda beynəlxalq konfrans keçirilib. Dünyanın bir sıra tanınmış dövlət və ictimai xadimlərinin qatıldığı toplantıda Azərbaycan siyasətçiləridən AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbər iştirak ediblər.

Beynəlxalq konfransda çıxış edən AXCP sədri "Solidarnost" hərəkatının bütün postsovet məkanında, o cümlədən keçmiş SSRİ-də xalqların azadlıq mübarizəsinə təsirindən danışıb, 1980-ci illərin sonundan Azərbaycan Xalq Cəbhəsinin rəhbərliyi altında xalqımızın müstəqillik və demokratiya uğrunda apardığı mücadiləsi barədə məlumat verib.

Ə.Kərimli AXC-nin 1992-ci ildə mərhum Əbülfəz Elçibəyin prezidentliyi ilə hakimiyyətə gəlməsi, hakimiyyət müddətində gördüyü işləri, həmçinin sonrakı hakimiyyət dəyişikliyi barədə məlumat verib.

Ə.Kərimli AXCP-nin bu günədək fəaliyyəti, apardığı mübarizəsi, hazırda parlament seçkisi ərəfəsində ölkə müxalifətinin "Azadlıq" blokunda birləşdiyini və bu blokun seçki hazırlıqlarını diqqətə çatdırıb.

Ə.Kərimlinin sözlərinə görə, səfər zamanı Bolqarıstanın keçmiş prezidenti Jelyu Jelev, ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Zbiqnev Bzejinski, ATƏT-in Varşava bürosunun rəhbəri və digər şəxslərlə görüşüb, Azərbaycandakı icitmai-siyasi vəziyyət, demokratik proseslər və qarşıdan gələn parlament seçkiləri barədə müzakirələr aparıblar.

Ə.Kərimli Polşada olarkən ADP sədri Rəsul Quliyevin də iştirakı ilə "Azadlıq" blokunun geniş iclasının keçirildiyini, blokun seçki ilə bağlı fəaliyyəti, seçki kampaniyasının təşkili, gedişi, Rəsul Quliyevin Azərbaycana qayıdışının mümkünlüyü barədə müzakirələr aparılıb.

Sentyabrın 10-da "Azadlıq" blokunun növbəti aksiyasının daha möhtəşəm keçirilməsinə qərar verilib, bunun üçün partiyaların yerli təşkilatların qarşısında müvafiq tapşırıqlar qoyulub.

Xəbər lenti

Xəbər lenti