...

ABŞ SENATORLARI AZƏRBAYCANIN MÜXALİFƏT LİDERLƏRİ İLƏ GÖRÜŞÜB

Siyasət Materials 31 Avqust 2005 17:41 (UTC +04:00)

Azərbaycanda səfərdə olan ABŞ Senatının üzvləri Riçard Luqar və Barak Obama avqustun 31-də müxalifət partiyalarının rəhbərləri və seçki bloklarının təsisçiləri ilə görüşüblər. Trend in məlumatına görə, görüşdə "Azadlıq" blokunda təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) sədri Əli Kərimli, Müsavat partiyasının başqanı İsa Qəmbər, Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu, "Yeni Siyasət" blokundan Etibar Məmmədov, Eldar Namazov, "Milli Birlik" Hərəkatının lideri Lalə Şövkət, Ədalət Partiyasının sədri İlyas İsmayılov və Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə iştirak ediblər.

Qeyd edək ki, Riçard Luqar ABŞ Senatının Xarici İşlər Komitəsinin sədri, Respublikaçılar Partiyasının İndiana ştatından olan senatoru, Barak Obama isə Demokrat Partiyasının İllinoys ştatından olan senatorudur.

Görüş barədə məlumat verən AXCP sədri Əli Kərimli bildirib ki,senatorlarla əsasən qarşıdan gələn parlament seçkiləri, seçkiyə hazırlıq prosesi, müxalifət partiyalarının seçkidə iştirakı məsələləri müzakirə edilib.
Görüşdə nümayəndələri iştirak edən seçki blokları barədə senatorlara məlumat verilib. Həmçinin seçkilərin azad, demokratik keçirilməsinə mane olan amillər, yaradılan süni əngəllər və seçki komissiyalarının əvvəlki tərkibdə saxlandığı barədə də danışılıb.

Müxalifət liderləri bir nəfər seçicinin bu dəfəki seçkidə də bir neçə dəfə səs verəcəyinin istisna olmadığını, seçici siyahılarına ictimai nəzarət edilmədiyini, bir milyona yaxın vətəndaşın hələ də şəxsiyyət vəsiqəsi almadığını, bölgələrdə kütləvi aksiyaların keçirilməsinə imkan verilmədiyini senatorların diqqətinə çatdırıblar. Son zamanlar müxalifətə, xüsusilə də AXCP-yə qarşı yönəlmiş qara piar kampaniyası barədə də məlumat verilib.

Əli Kərimlinin sözlərinə görə, ABŞ Senatının üzvləri Azərbaycanda seçkilərin azad, ədalətli keçirilməsinin vacibliyini və bütün dünyada demokratiyaya dəstək verdiklərini vurğulayıblar.

Senatorlar müxalifətçilərin qaldırdığı problemləri, çatışmamazlıqları Azərbaycan prezidenti ilə görüşdə onun diqqətinə çatdıracaqlarını deyiblər. Həmçinin qonaqlar seçkinin demokratik keçirilməsi üçün praktiki addımlar atacaqlarını da bildiriblər.

Xəbər lenti

Xəbər lenti