...

"AZƏRBAYCAN DÜNYANIN TƏZYİQİ İLƏ ÜZLƏŞƏ BİLMƏZ"

Siyasət Materials 1 Sentyabr 2005 14:20 (UTC +04:00)

"Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə yaxınlaşmasında rəsmi Bakı heç bir təzyiqlə üzləşə bilməz. Yalnız Yunanıstan Azərbaycana qarşı mövqeyində dyişikliklər edə bilər". Bu barədə Trend agentliyinə politoloq Rasim Müsabəyov bildirib.

Politoloqun fikrincə, ŞKTC-nin Azərbaycanla iqtisadi əlaqələr qurması günün tələbidir. Bu əlaqələri ABŞ və Rusiya dövləti də qurub: "Amerika diplomatları, Rusiya Dövlət Dumasının üzvləri ŞKTC-ə dəfələrlə rəsmi səfərlərdə olublar. Belə çıxır ki, bu dövlətlərə beynəlxalq təşkilatlar çoxdan təzyiqlər göstərməliydi".

Rəsmi Bakının ŞKTC ilə əlaqələr qurmasının Dağlıq Qarabağ probleminə təsiri məsələsinə gəlincə isə politoloq bunu da mümkünsüz sayıb. Qeyd edib ki, Dağlıq Qarabağla Kipr problemi müqayisə edilməzdir.

Politoloq Vəfa Quluzadə isə Trend ə bildirib ki, ŞKTC ilə Azərbaycanın yaxınlaşmasını müxtəlif formada izahını verən dövlətlərdən biri Rusiyadır: "Moskva Azərbaycana qarşı şantaj yolunu seçib. Rusiya yunan Kiprini tanıyır və onunla normal əlaqələr qurub. Hətta ora sərmayə də qoyub. Ona görə də ŞKTC-nin Azərbaycanla yaxınlaşmasını istəmir".

Bu məsələnin Yunanıstanla Azərbaycanın münasibətlərinə nə dərəcədə təsir edə biləcəyinə münasibət bildirən V.Quluzadə deyib: "Yunanıstan Azərbaycana nə yaxşılıq edib ki, bunu pozmaq haqqında da fikirləşsin?!"

Digər politoloq Qabil Hüseynli isə ŞKTC ilə Azərbaycanın yalnız diplomatik əlaqələr qurduğu halda dünya dövlətləri tərəfindən təzyiqə məruz qalacağını qeyd edib: "Bunu Azərbaycan üçün zəruri hesab etmirəm. Çünki rsikli bir məsələdir. Axı bizim də Dağlıq Qarabağ problemimiz mövcuddur".

Xəbər lenti

Xəbər lenti