...

MİLLİ MƏCLİSİN PAYIZ SESSİYASININ İLK İCLASI KEÇİRİLDİ

Siyasət Materials 1 Sentyabr 2005 16:37 (UTC +04:00)

Sentyabrın 1-də Milli Məclisin payız sessiyasının ilk iclası keçirildi. Əvvəlcə dövlət himni səsləndirildi. MM sədri parlamentin payız sessiyasının başlanması münasibətilə deputatları təbrik etdikdən sonra dedi ki, MM 2005-ci il yaz və növbədənkanar sessiyalarını uğurla başa vurmuş, 32 iclas keçirərək iş planında nəzərdə tutulan, habelə qanunvericilik təşəbbüsü qaydası ilə təqdim edilən 145 qanun və qərar qəbul etmiş, bir sıra qanun layihələrinə birinci və ikinci oxunuşda münasibət bildirilmişdir.

Sonra o qeyd etmişdir ki, noyabrın 6-da MM-ə seçkilər keçiriləcək, seçkilərin demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Payız sessiyasında bir sıra aktların qəbul olunması nəzərdə tutulur.

Bu sessiyada "İnformasiya əldə etmək haqqında", "İnzibati icraat haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", "İnvestisiya fəaliyyəti haqqında", "Təhsil haqqında" "İnşaat fəaliyyəti haqqında" və s. qanunlar qəbul ediləcəkdir. Oktyabr ayında xüsusi olaraq bir neçə iclasda 2006-cı il üçün dövlət budcəsinin layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər müzakirə ediləcəkdir.

MM sədri dedi ki, bu ilin ilk 6 ayında ölkə iqtisadiyyatı təqribən 17%, sənaye potensialı 20% artmışdır. Proqonozlara görə, gələn ilin büdcəsi azı 3 milyard 200 milyon dollar təşkil edəcəkdir.

Bu cür inkişaf sürətinin dünyada analoqu yoxdur. Dövlət büdcəsinin gəlirlərinin dürmadan artması Azərbaycanı demokratik cəhətdən inkişaf etmiş, qüdrətli bir dövlətə çevrilməsini, xalqımızın rifah halının daha da yüksəlməsini təmin edəcəkdir.

Sonra deputatlar Qubadlı, Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 12-ci ildönümünü və döyüşlərdə vətən uğrunda şəhid olmuş qəhrəman övladların əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Daha sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılmışdır.

MM-in 2005-ci il payız sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı deputatlar "Neft haqqında", "Əmanətlərin indeksasiyası haqqında" qanun layihələrinin müzakirəyə çıxarılmasını, eləcə də Dağlıq Qarabağda ermənilər tərəfindən keçiriləcək hərbi paradla bağlı bəyanatın qəbul edilməsini təklif etmişlər.

M.Ələsgərov demişdir ki, hər iki qanun layihəsi vacib olsa da, bəzi dövlət orqanları ilə razılaşdırılmamış məqamlar var. Ona görə də bu və digər məsələlər sessiya dövründə ətraflı müzakirə olunacaqdır.

Sonra iş planı təsdiq edilmiş və d. məsələlərə baxılmışdır.

Xəbər lenti

Xəbər lenti