...

KİM TROVİK: AZƏRBAYCANIN YERLİ İNZİBATİ ORQANLARI SEÇKİ KAMPANİYASINA MÜDAXİLƏ ETMƏMƏLİDİR

Siyasət Materials 1 Sentyabr 2005 20:25 (UTC +04:00)
KİM TROVİK: AZƏRBAYCANIN YERLİ İNZİBATİ ORQANLARI SEÇKİ KAMPANİYASINA MÜDAXİLƏ ETMƏMƏLİDİR

Azərbaycanın yerli inzibati orqanları seçki kampaniyasına müdaxilə etməməlidir. Trend agentliyi bildirir ki, sentyabrın 1-də Bakıda keçirilən mətbuat konfransında Norveç xarici işlər nazirliyinin dövlət katibi Kim Trovik belə bir bəfyanatla çıxış edib.

"Norveç beynəlxalq cəmiyyətin üzvü olaraq açıq, ədalətli və demokratik seçkilərin keçirilməsində maraqlıdır və Azərbaycan prezidenti İlham Əliyevin 2005-ci il 11 may tarixli "Azərbaycanda seçki təcrübəsinin təkmilləşdirilməsi haqqında" sərəncamının bütün maddələrinin yerinə yetirilməsi tərəfdarıdır"-deyə Norveç XİN-nin dövlət katibi bildirib.

O, vurğulayıb ki, rəsmi Bakı öz üzərinə yerinə yetirilməli olan müəyyən beynəlxalq öhdəliklər götürüb. Azərbaycan prezidenti ilə görüşdə qeyd olunub ki, respublika hakimiyyəti seçkilərin beynəlxalq standartlara müvafiq keçirilməssi üçün mümkün olan hər bir şeyi edəcək. Kim Trovik bildirib ki, parlament seçkilərinin monitorinqində iştirak etmək üçün ATƏT-in müşahidəçi missiyasında fəaliyyətə başlayacaq 2 uzunmüddətli və 6 qısamüddətli müşahidəçi Bakıya gələcək.

Müxalifətin "Azadlıq" seçki bloku nümayəndələri ilə görüşün yekunlarına toxunan K. Trovik qeyd edib ki, müxalifət liderləri tərəfindən dəstək barədə hər-hansı bir xahiş edilməyib.O, həm də bildirib ki, "şübhəsiz seçkiqabağı prosesin gedişində müəyyən problemlər qeyd olunub, amma bunlar aradan qaldırılmalıdır".

Eyni zamanda K.Trovik bildirib ki, Bakıya səfəri çərçivəsində ikitərəfli əməkdaşlığın inkişafı, xüsusilə Norveçin "Statoil" şirkətinin fəal işə başladığı Azərbaycanın neft-qaz sahəsində birgə layihələrin gerçəkləşdirilməsi məsələlərini müzakirə edib.

"Bizə həm də Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində Azərbaycanın mövqeyi maraqlıdır"-deyə Kim Trovik qeyd edib və bildirib ki, Azərbaycan XİN-də keçirilən görüşdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Robert Köçəryanın Kazan görüşünün yekunları üzrə fikir mübadiləsi aparılıb.

Sonda Norveç XİN-nin dövlət katibi bəyan edib ki, rəsmi Oslo Avropa Birliyinə və NATO-ya inteqrasiyada Azərbaycanın səyini dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti