...

VARDAN OSKANYAN: ERMƏNİSTAN "ÖZ MALLARININ QARS-GÜMRÜ-TİFLİS DƏMİRYOLU İLƏ DAŞINMASININ MÜVƏQQƏTİ QADAĞAN OLUNMASINA RAZILIQ VERMƏYƏ HAZIRDIR

Siyasət Materials 2 Sentyabr 2005 12:04 (UTC +04:00)

"Ermənistan Qars-Gümrü-Tiflis dəmiryolunun işə salındığı təqdirdə, öz mallarının daşınmasının müvəqqəti qadağan edilməsinə razılıq verməyə hazırdır". Trend in məlumatına əsasən, bu barədə Türkiyənin "Milliyyət" qəzeti Ermənistanın xarici işlər naziri V.Oskanyanın Türkiyə və Azərbaycana etdiyi təkliflərin detallarını açıqlayaraq yazıb.

Qəzet yazır ki, "Ermənistan Qars-Axalkalaki-Tiflis-Bakı dəmiryolunun tikintisinin dayandırılması məqsədilə bu addımı atmağa hazırdır".

"Əgər Bakı və Ankara Qars-Gümrü-Tiflis dəmiryolunun açılmasından sonra Ermənistanın iqtisadiyyatının güclənəcəyindən ehtiyat edirsə, biz Ermənistan şirkətləri tərəfindən bu yolun istifadəsinin müvəqqəti qadağan edilməsinə razılıq verə bilərik", - deyə Ermənistanın XİN başçısı bildirib.

Xatırladaq ki, avqustun 30-da Ermənistanın kütləvi informasiya vasitələri V.Oskanyanın bəyanatını yayıb. Bəyanatda bildirilir ki, Gürcüstan və Azərbaycanın bu dəmiryolunu tikməyə mənəvi haqqı yoxdur.

Onun sözlərinə görə, Ermənistanın ərazisindən keçən Qars (Türkiyə)-Gümrü (Ermənistan)-Tiflis dəmiryolunun mövcud olduğunu nəzərə alaraq bu magistralın inşasını maliyyələşdirmək mənasızdır.

"Bu magistral Türkiyənin yürütdüyü siyasət nəticəsində fəaliyyət göstərmir", - deyə nazir qeyd edib.

"Vaxt gələcək, regional münaqişələr həll olunacaq, sərhədlər təcriddən azad ediləcək və regionda iki paralel dəmir yolu olacaq. Onlardan birinin əhəmiyyəti olmayacaq.? Bunun məhz hansı dəmiryolunun olmasını başa düşmək o qədər də çətin deyil, yəni bu gün mövcud olmayan magistralın əhəmiyyəti olmayacaq. Biz bu layihənin həyata keçirilməsinə qarşı hər cür vasitə ilə mübarizə aparacaq və beynəlxalq birliyə onun mənasızlığını sübut edəcəyik", - deyə nazir bəyan edib.

Lakin Yerevanın qəbul etdiyi addımlar açıqlanmayıb.

Xəbər lenti

Xəbər lenti