...

MSK ERMƏNİSTAN NÜMAYƏNDƏLƏRİNİN AZƏRBAYCANDA MÜŞAHİDƏÇİLİK ETMƏSİNİ MÜMKÜN SAYMIR

Siyasət Materials 2 Sentyabr 2005 14:15 (UTC +04:00)

"Azərbaycanın Ermənistanla diplomatik əlaqələri yoxdur, ona görə də erməni nümayəndələrinin seçkidə müşahidəçilik etməsi mümkün deyil". Bu fikirləri Trend ə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov bildirib.

Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyinin (MDB) icraçı katibi Vladimir Ruşaylo jurnalistlərə müsahibəsində Ermənistanın Azərbaycanda keçiriləcək seçkilərdə müşahidəçi qismində iştirak edə biləcəyini deyib. V.Ruşaylo qeyd edib ki, əgər Ermənistan MDB çərçivəsində Azərbaycanda seçkiləri müşahidə etmək istəyini bildirsə, bu, onun öz haqqıdır. O əlavə edib ki, qəbul olunmuş qaydalara görə seçki keçirən ölkənin xarici işlər nazirliyi MDB-yə seçkilərinin müşahidəsində iştirak etmək xahişi ilə nota göndərir. "Biz seçki keçirən ölkənin bu notasını MBD üzvü olan bütün ölkələrə göndəririk. Bu zaman Ermənistanı istina etmirik"-deyə V.Ruşaylo bildirib.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası isə Ermənistandan olan müşahidə missiyasının parlament seçkilərində iştirakını diplomatik baxımdan real saymır. Rövzət Qasımov bildirib ki, erməni müşahidəçilərinin MDB missiyasına daxil olmalarına baxmayaraq, Ermənistan parsortları ilə Azərbaycana gəlmələri mümkün deyil: "Əgər bizim Ermənistanla heç bir diplomatik əlaqələrimiz yoxdursa, həmin müşahidəçilər Ermənistan pasportları ilə Azərbaycana necə gələ bilərlər? Bu, Mərkəzi Seçki Komissiyasının mövqeyidir. Azərbaycan Xarici İşlər Nazirliyinin isə bu məsələ ilə bağlı öz mövqeyi ola bilər"-deyə MSK rəsmisi əlavə edib.

Xəbər lenti

Xəbər lenti