...

"QARANQUŞ" BATALYONUNUN ÜZVÜ KİMİ ÖMÜRLÜK HƏBSƏ MƏHKUM EDİLMİŞ DUSTAQ GÜNAHSIZ OLDUĞUNU İDDİA EDİR

Siyasət Materials 3 Sentyabr 2005 14:14 (UTC +04:00)

Qobustan Qapalı Həbsxanasında ömürlük cəza çəkən Nadir Məhərrəmov Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Məhkəmələrin İşləri Üzrə Məhkəmə Kollegiyasına (HMİÜMK) kassasiya şikayəti ilə müraciət edib. Trend in məlumatına görə, Nadir Məhərrəmov 1993-cü ildə "Qaranquş" kəşfiyyat dəstəsinin tərkibində fəaliyyət göstərməklə bir sıra ağır cinayətlər törətməkdə təqsirli bilinib və 2003-cü ildə Azərbaycan Respublikasının Ağır cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəməsinin hökmü ilə ömürlük həbsə məhkum edilib.

N.Məhərrəmova qarşı irəli sürülən ittihamlara görə o, 1993-cü ildə "Qaranquş" silahlı dəstəsində fəaliyyət göstərərkən Qubadlı rayonunun Polis İdarəsinin rəisi E.Paşayevi, sürücüsü X.Nuriyevi, xalq hakimi S.Hüseynovu, rayon prokuroru N.Ağayevi, prokurorğulun müstəntiqi Ə.Vəliyevi odlu silah gücünə "QAZ-66" markalı avtomaşının yük yerinə mindirib. Dəstənin digər üzvləri ilə birlikdə həmin vəzifəli şəxsləri Qubadlı rayonunun Tarovlu kəndində olan kazarmaya gətirib. Həmin şəxsləri odlu silahla hədələyərək üzlərini kazarmanın divarına tərəf çevirmələrini əmr edib. Sonra isə kazarmadan çıxıb. Bundan sonra həmin vəzifəli şəxslər dəstənin rəhbərləri Mais Məhərrəmovla (Nadir Məhərrəmovun qardaşı) İntiqam Qaibov tərəfindən güllələniblər.

Lakin məhkum iddia edir ki, o, heç vaxt "Qaranquş" silahlı dəstəsinin üzvü olmayıb. Belə ki, "Qaranquş" silahdı dəstəsinin üzvləri ilə bağlı 1995-ci ildə çıxarılmış hökmdə də dəstənin üzvlərinin 8 nəfər olduğu bildirilib. Həmin siyahıda Nadir Məhərrəmovun adı yoxdur. Bundan başqa, həmin dəstə 1989-cu ildə yaranıb və həmirn vaxt Nadir Məhərrəmovun 15 yaşı var imiş. N.Məhərrəmov 1992-ci ildə hərbi xidmətə çağırılıb. Əvvəlcə Hərbi Akademiyanın (Salyan kazarmasında) kursantı olub. 1993-cü ilin may aynıda isə Qubadlı rayonuna N saylı hərbi hissəyə göndərilib. Heç bir döyüşdə iştirak etməyib, hətta qardaşı Mais Məhərrəmov ona avtomat belə verilməsinə razı olmayıb.

1993-cü ilin noyabr ayında bir çox əskərlərimiz kimi ailə üzvlərinin evsiz, didərgin və ağır şəraitdə qalması səbəbinbən hərbi hissəni özbaşına tərk edib. 1994-cü ilə qədər Sumqayıt şəhərində valideynlərinin yanında yaşayıb. Sonra isə Moskva şəhərinə gedib və 2003-cü ilə qədər orada yaşayıb. Həmin müddət ərzində hüquq-mühafizə orqanları tərəfindən axtarılması barədə heç bir məlumatı olmayıb.

Məhkum iddia edir ki, ona verlmiş ittihamlar qondarmadır və qərəzçəilik xarakteri daşıyır. Belə ki, bu ittihamları ona Mais Məhərrəmovun qardaşı olduğuna görə irəli sürüblər.

(Qeyd edək ki, M.Məhərrəmov 1993-cü ilin sentyabr ayında Sumqayıt şəhərində polis tərəfindən yaxalanarkən odlu silahla özünü öldürüb).

Azərbaycan Respublikasının Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəməsinin məlum hökmündən verilmiş apellyasiya şikayətinə baxılarkən hökm qüvvəsində saxlanılıb. Hazırda isə məhkum Ali Məhkəmənin HMİÜMK-ya müraciət edərək Apellyasiya Məhkəməsinin çıxardığı qərarın ləğv olunmasını, işin yenidən yoxlanılması məqsədilə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş edir.

Xəbər lenti

Xəbər lenti