...

"ƏL QAİDƏ" ÜZVÜ ALİ MƏHKƏMƏYƏ MÜRACİƏT EDİB

Siyasət Materials 5 Sentyabr 2005 14:44 (UTC +04:00)

"Əl Qaidə" terror təşkilatının tərkibində Bakı şəhərində ağır cinayətlər törətməyə cəhddə təqsirli bilinərək məhkum edilmiş Zaur Əliyev Ali Məhkəməyə müraciət edib. Trend in məlumatına görə, Zaur Əliyev 2004-cü ilin fevral ayında Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmə tərəfindən mühakimə olunub və ona 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Z.Əliyevə qarşı irəli sürülmüş ittihamlara görə o, 2000-ci ilin əvvəllərindən "Əl Qaidə" terror təşkilatının üzvü kimi fəaliyyətə başlayıb. 2004-cü ilin yanvar ayından isə "İSR Plaza" və "Hyatt Recensi" mehmanxanalarında, "Beynəlxalq Bank"ın mərkəzi inzibati binasında, "Azərneftyağ" Neft Emalı Zavodunun ərazisindəki neft anbarlarında, Milli Təhlükəsizlik Nazirliyinin (MTN), Daxili İşlər Nazirliyinin (DİN) inzibati binalarında, Bakı şəhərində dislokasiya olunmuş hərbi hissələrdə və Bakı metropoliteninin stansiyalarında partlayışlar törətmək üçün hazırlıq işləri aparıb. Lakin MTN bu planların qarşısını ala bilib.

Məhkum isə ona qarşı irəli sürülən ittihamlarda özünü tam təqsirsiz hesab edir və Ali Məhkəmənin Hüquq Pozmalar və Cinayət İşləri Üzrə Məhkəmə Kollegiyasına (AM HP CİÜMK) kassasiya şikayətində təqsirsizliyini sübut etməyə çalışır.

Zaur Əliyev həmin instansiyaya ünvanladığı kassasiya şikayətində göstərir ki, heç vaxt "Əl Qaidə" adlı təşkilat tanımayıb və onun barəsində eşitməyib. 2004-cü il avqust ayının 14-də MTN işçiləri tərəfindən saxlanılaraq həmin Nazirliyə gətirilib və 1 sutka əməliyyatçıların otağında üzü maskalı, əli qandallı, istilik su kəmərinə bağlı, qidalanmaqdan məhrum vəziyyətdə saxlanılıb. Avqustun 15-də isə üzündən maskanı çıxararaq ona qəribə xüsusat daşıyan içkilər verilib.

Həmin içkilərdən keyləşmiş hala düşüb və belə vəziyyətdə ona bir neçə vərəqə imza etdiriblər. Sonrakı proseslərdə isə (qrupun başqa üzvləri ilə üzləşmələr və dindirilmələr zamanı) ona məlum olub ki, "Əl Qaidə" təşkilatının üzvü kimi Bakı şəhərində terror planları hazırlamaqda təqsirləndirilir.

Z.Əliyev qapalı şəraitdə keçən məhkəmə prosesində günahsızlığını sübut etməyə çalışsa da, onun söylədikləri məhkəmə protokollarına daxil edilməyib.

Z.Əliyev Ali Məhkəməyə ünvanladığı kassasiya şikayətində terrora hazırlıqla bağlı irəli sürülmüş 214-cü maddəyə xitam verilməsini və işə Apellyasiya Məhkəməsində təkrar baxılmasını xahiş edir.

Xəbər lenti

Xəbər lenti