...

TERRİ DEVİS: AŞ AZƏRBAYCANA KÖMƏK ÜÇÜN XÜSUSİ SEÇKİ FƏALİYYƏTİ PLANI HAZIRLAYIB

Siyasət Materials 6 Sentyabr 2005 16:13 (UTC +04:00)
TERRİ DEVİS: AŞ AZƏRBAYCANA KÖMƏK ÜÇÜN XÜSUSİ SEÇKİ FƏALİYYƏTİ PLANI HAZIRLAYIB

Trend in Avropa Şurasının baş katibi ilə eksklüziv müsahibəsi

- Avropa Şurası Azərbaycanda hazırkı seçkiqabağı vəziyyəti necə qiymətləndirir?

Məsələn, mövcud Seçki məcəlləsi noyabrda keçiriləcək parlament seçkilərinin monitorinqində QHT-nin iştirakını məhdudlaşdırır.

- AŞ öz fəaliyyətini demokratiyanın qorunması və inkişaf etdirilməsinə yönəldib. Şəffaflıq və məsuliyyət seçki prosesinin mühüm elementidir.
Mən həmçinin siyasi partiyaların öz siyasi proqramlarını və seçki platformalarını təqdim etmələrinə böyük ehtiyac olduğunu qeyd etmək istəyirəm. Bu, ölkə vətəndaşlarının seçki prosesində fəallığını artıracaq.

Bundan əlavə, namizədin seçildiyi təqdirdə parlamentin işində hansı siyasi planı təqdim etmək niyyəti barədə seçicinin əvvəlcədən məlumatlı olması çox vacibdir.

Konkret məsələlər və alternativlərin müzakirəsi xüsusilə əhəmiyyətlidir. Siyasi platformaların olmaması seçki kampaniyalarının çatışmamazlıqlarından biridir.

Ümumiyyətlə, mən bütün naimzədləlri konkret mövzular ətrafında birləşməyə və müxtəlif şəxslərə qarşı mənfi təbliğat kampaniyasını aparmaqdan əl çəkməyə çağırıram.

AŞ təklif edib ki, xaricdən maliyyələşən QHT-nin seçkilərdə müşahidəçilik etməsinə heç bir qadağa qoyulmamalıdır.

Belə ki, onların iştirakı yaxşı seçki təcrübəsinə uyğundur və prosesin şəffaflığına öz töfhəsini verəcək.

- AŞ-nın Azərbaycanda mediyanın vəziyyəti ilə bağlı mövqeyi necədir?

Ölkədə aparılan seçkiqabağı təbliğat siyasəti AŞ-ın normalarına uyğun gəlirmi?

- 2001-ci ildə AŞ-a üzv olarkən Azərbaycan ölkədə mediya və jurnalist müstəqilliyinin və fikir azadlığının təminatına dair öhdəlik götürüb.Azərbaycan mediyası ilə əməkdaşlıq edərək AŞ professional media mütəxəssislərinin yetişdirilməsinə yardım edir.

Son zamanlar mətbuatda yaranan "qara piar" fenomeni məni məcbur edir ki, bütün KİV nümayəndələrini Ümumi Davranış Məcəlləsi və bu yaxında qəbul olunmuş seçki kampaniyası zamanı Davranış Məcəlləsinə uyğun fəaliyyət göstərməyə çağırım.

-Sizcə Azərbaycan rəhbərliyinin AŞ Venesiya komissiyasının qanunvericiliyə dəyişikliklər edilməsi ilə bağlı təkliflərini həyata keçirməyə vaxtı varmı?

-Təəssüf ki, bəzi mühüm məsələlər, məsələn AŞ Venesiya Komissiyasının seçki komissiyalarının tərkibinə dəyişikliklər edilməsi ilə bağlı təklifləri həyata keçirilməyib.

Buna görə də, bu mərhələdə əhalinin seçki komissiyalarının işinin bütün səviyyələrdə şəffaf və tərəfsiz olmasına inamını bərpa etmək çox vacibdir. Seçkilər açıq və vicdanlı keçirilməlidir. Ədalətli seçkilər demokratik cəmiyyətlərin özəl daşlarından biridir.

-Azərbaycanda seçkilərin Avropa standartlarından əhəmiyyətli dərəcədə fərqləndiyi təqdirdə, AŞ-nın bu məsələ ilə bağlı mövqeyi necə olacaq?

-AŞ parlament seçkilərinin keçirilməsinə xüsusi diqqət yetirir və biz Azərbaycana kömək üçün xüsusi seçki fəaliyyəti planı hazırlamışıq. Azərbaycan da öz tərəfindən xüsusi səylər göstərib.

Azərbaycan prezidentinin azad və ədalətli seçkilərin əsas prinsiplərinə dair qərarı və avqustun sonunda İctimai Televiziyanın fəaliyyətə başlaması müsbət irəliləyişlər kimi qiymətləndirilməlidir.

Təbii ki, bu təşəbbüslərin uğuru onların düzgün yerinə yetirilməsindən asılıdır. Son nəticədə, AŞ-nın Parlament Assambleyasının seçkilərin müşahidəsinin nəticələri və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun yekun nəticələri AŞPA-nın Azərbaycanla bağlı mövqeyini müəyyənləşdirəcək.

-AŞPA-nın oktyabrda keçiriləcək sessiyasında Azərbaycanla bağlı hər hansı bir məsələnin müzakirə olunması gözlənilirmi?

- AŞPA-nın iyun sessiyasında Azərbaycanda demokratik institutların fəaliyyətinə dair məruzə müzakirə olunduğundan, mən oktyabrda bu məsələyə yenidən qayıtmağa heç bir lüzum görmürəm. Şübhəsiz ki, bu barədə qərarı yalnız Assambleya qəbul edə bilər.

-Azərbaycanda İctimai televiziya və radionun fəaliyyətini necə qiymətləndirirsiniz?

-2001-ci ildə Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəliklərdən biri də Milli televiziya kanalının müstəqil şura tərəfindən idarə olunan ictimai kanala çevrilməsidir.

Mən Azərbaycan rəhbərliyinin parlament seçkilərindən əvvəl yeni telekanalının fəaliyyətə başlamasını təmin etmələri münasibətilə təbrik edirəm.

İctimai televiziyanı faktları və hadisələri ədalətli təqdim edən və fikir azadlığını təmin edən proqramlar nümayiş etdirməklə ictimai yayım xidmətinə çevirmək hal-hazırda çox vacibdir. Bütün demokratik cəmiyyətlər qərəzsiz, dürüst və obyektiv ictimai məlumatlara ehtiyac duyur.

-AŞPA-nın Dağlıq Qarabağla bağlı yarımkomitəsinin fəaliyyətinin perspektivlərini necə qiymətləndirirsiniz?

Komitənin qəbul etdiyi hər hansı qərar AŞ-ın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı rəsmi mövqeyinə necə təsir edə bilər?

-AŞ danışıqlar prosesindəki irəliləyişləri diqqətlə izləyir. Ermənistan və Azərbaycan AŞ-a qoşularkən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün maksimum səy göstərmək barədə öhdəlik götürüb.

Lakin baş katib olaraq mən Parlament Assambleyasının işinə qarışa bilmərəm və bu məsələ ilə bağlı müzakirələr aparmağa lüzum görmürəm.

Bundan əlavə, mənim Azərbaycana hal-hazırkı səfərim seçkilərlə bağlı məsələlərə həsr olunub və mən yalnız bu məsələ barədə danışmaq istəyirəm.

Xəbər lenti

Xəbər lenti