...

ÜÇ VƏKİLİN FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ İLƏ BAĞLI MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Siyasət Materials 7 Sentyabr 2005 15:53 (UTC +04:00)

Sentyabrın 7-də Nəsimi rayon Məhkəməsində hakim Famil Nəsibovun sədrliyi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üç vəkilin fəaliyyətinə xitam verilməsina dair iddiası ilə bağlı məhkəmə iclası keçirilib.

Trend məlumat verir ki, həmin üç vəkil 12 saylı hüquq məsləhətxanasının vəkilləri Namizəd Səfərov, Lətifə Əliyeva və Hidayət Süleymanovdur.

Vəkil Namizəd Səfərovun verdiyi məlumata görə, Vəkillər Kollegiyasının onlarla bağlı məhkəməyə müraciət etməsinin səbəbi iyulun 11-də 12 saylı hüquq məsləhətxanasında keçirdikləri iclas olub. N.Səfərov bildirib: "İşlədiyimiz həmin hüquq məsləhətxanasının sədri Rəşid Bağiyev vəfat edəndən sonra məsləhətxanın 20 nəfərdən ibarət üzvü yığışaraq vəkil Lətifə Əliyevanı müvəqqəti sədr seçib. Bu da Vəkillər Kollegiyasının sədri Azər Tağıyevin qəzəbinə səbəb olub.

Həmin iclasdan 10 gün sonra Vəkillər Kollegiyasının rəhbəri mənim, Lətifə Əliyevanın və Hidayət Süleymanovun vəkillik fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edib. Sonradansa həmin qərarı məhkəmə yolu ilə təsdiqlətmək üçün Nəsimi rayon Məhkəməsində iddia qaldırdı".

N.Səfərovun sözlərinə görə, məhkəməyə cavabdeh qismində cəlb edilmiş Hidayət Süleyümanov bu günkü məhkəmə iclasında çıxış edərək Vəkillər Kollegiyasının iddiasını tam əsassız saydığını söyləyib.

N.Səfərov qeyd edib: "Çünki artıq məlum olub ki, Vəkillər Kollegiyasının çıxartdığı qərar saxtadır. Çünki həmin qərar məsləhətxanada keçirilmiş iclasla bağlı 8 nəfər vəkilin guya müraciəti əsasında çıxarılıb.

Ancaq indi məlum olub ki, heç vəkillər Vəkillər Kollegiyasına heç bir müraciət etmçyiblər. Onların adından saxta ərizələr yazılaraq imzalanıb. Biz həmin vəkillərin məhkəməyə dəvət olunmaları ilə bağlı vəsatət qaldırmışıq".

Məhkəmə iclası sentyabrın 14-də digər iki cavabdeh vəkilin ifadələri ilə davam edəcək.

Xəbər lenti

Xəbər lenti