...

ADP SƏDRİ RƏSUL QULİYEVLƏ BAĞLI ÇIXARILMIŞ MƏHKƏMƏ QƏRARINDAN APELLYASİYA ŞİKAYƏTİ VERİLƏCƏK

Siyasət Materials 10 Sentyabr 2005 13:49 (UTC +04:00)

Sentyabrın 12-də ADP sədri, deputatlığa namizəd Rəsul Quliyevlə bağlı Azərbaycan Respublikası Apellyasiya məhkəməsinə apellyasiya şikayəti veriləcək. Bu barədə Trend ə Rəsul Quliyevin vəkili Muxtar Mustafayev məlumat verib.

Vəkilin Apellyasiya Məhkəməsinə müraciət etməsinə səbəb sentyabrın 8-də Səbail rayon Məhkəməsi tərəfindən çıxarılmış qərardır. Həmin qərarla eks-spiker Rəsul Quliyev barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun həbs-qəti imkan tədbiri ilə bağlı qərarı qüvvəsində saxlanılıb. Bu qərar R.Quliyevin noyabr ayında Azərbaycanda keçiriləcək parlament seçkilərində iştirak etmək imkanlarından məhrum edir. Lakin Quliyevin vəkili bu məhkəmə qərarı ilə razılaşmayıb.

M.Mustafayev: "Səbail rayon Məhkəməsinin qərarı qərəzlidir və Rəsul Quliyevin seçkilərdə iştirakına mane olur. Hesab edirəm ki, məhkəmənin həmin qərarı ilə deputatlığa namizədin seçki hüquqları kobud şəkildə pozulub. Seçki Məcəlləsinin namizədlərin seçki bərabərliyi ilə bağlı müddəaları məhkəmə tərəfindən nəzərə alınmayıb. Bütün bunlarla bağlı apellyasiya şikayətimiz hazırdır və sentyabrın 12-də Apellyasiya Məhkəməsinə təqdim edəcəyik. Ümid edirəm ki, ədalətli məhkəmə qərarının çıxarılmasına və Rəsul Quliyevin Azərbaycana qayıdaraq sərbəst şəkildə seçkilərə qatılmasına nail olacağıq".

Xəbər lenti

Xəbər lenti