...

AVROPA KOMİSSİYASI NÜMAYƏNDƏLƏRİNİN SƏFƏRİ QEYRİ-MÜƏYYƏN MÜDDƏTƏ TƏXİRƏ SALINIB

Siyasət Materials 12 Sentyabr 2005 13:07 (UTC +04:00)

Avropa Komissiyası nümayəndələrinin Yeni qonşuluq siyasəti çərçivəsində fəaliyyət planının ilkin variantının müzakirəsi məqsədi ilə nəzərdə tutulmuş səfəri təxirə salınıb. Tacis əlaqələndirmə bürosunun icraçı direktoru Əsgər Ələkbərovun Trend ə verdiyi məlumata görə, səfər qeyri-müəyyən müddətə təxirə salınıb. Xüsusilə, ekspertlərin Azərbaycana cari ilin sonuna qədər və ya 2006-cı ildə gələcəkləri məlum deyil.

Səfərin iyulun 14-nə planlaşdırılmasına baxmayarq, daha sonra onun tarixi sentyabrın birinci on günlüyünə (6 sentyabr) keçirilib. Səbəb isə cari ilin payızında nümayəndələrin Cənubi Qafqaz regionunun bütün ölkələrini gəzəcəkləri ilə bağlı idi.

Sonuncu dəfə səfərin tarixinin dəyişdirilməsinin səbəbi dəqiqləşdirilmir.

Ə.Ələkbərov qeyd edib ki, səfərin məqsədi yeni qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın həyata keçirilməsinin ümumi əsaslarını müəyyən etməkdir.

Yeni qonşuluq siyasətinin reallaşdırılması çərçivəsində əməkdaşlığın həm ənənəvi, həm də yeni istiqamətlər üzrə həyata keçirilməsi planlaşdırılır. Ənənəvi istiqamətlərə demokratik islahatların dəstəklənməsi, məhkəmə islahatı, insan hüquqlarının qorunması, ticarət əlaqələri, ÜTT-yə daxil olarkən dəstəyin göstərilməsi, nəqliyat və energetika sahələrində əməkdaşlıq, qanunun aliliyinin möhkəmləndirilməsi, korrupsiya ilə mübarizədə yardımın edilməsi, seçki sisteminin yaxşılaşdırılması, narkotik alveri ilə mübarizə, sərhəd və polis mühafizəsinin gücləndirilməsi, mühacirət məsələlərinin nizamlanması, struktur islahatlar, investisiya layihələrinin şəffaflığı, kiçik və orta sahibkarlığın hüquqi cəhətdən dəstəklənməsi, vergi və gömrük sistemlərinin müasirləşdirilməsi, hüquqi tənzimləmə və inzibatçılıq, investisiya və ticarətdə maneələrin aradan qaldırılması kimi məsələlər daxildir.

Bu siyasətdə yeni istiqamətlər isə Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin Avropada təhsil, mədəniyyət, mühafizə sahələrində həyata keçirilən ictimai proqramlarda iştirakını nəzərdə tutan "İnsanlar arasında əlaqələr" olacaq.

Fəaliyyət planının işlənib hazırlanmasının və yeni proqramın büdcəsinin tərtib olunmasının cari ilin sonunda başa çatacağı planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti