...

İQBAL AĞAZADƏ: "AZADLIQ" BLOKUNUN TƏBLİĞAT XARAKTERLİ AKSİYALARINDA İŞTİRAK ETMƏYƏCƏM

Siyasət Materials 12 Sentyabr 2005 14:37 (UTC +04:00)

"Azadlıq" blokunun seçkidə mənə hər hansı formada dəstək verəcəyini güman etmirəm". Bu fikirləri Trend ə açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib. O qeyd edib ki, "Azadlıq" blokunun indiyədək keçirdiyi kütləvi aksiyalarda Ümid partiyası iştirak edib.

Lakin bundan sonra keçiriləcək aksiyalar təbliğat xarakterli olduğundan Ümid Partiyası, həmçinin, İqbal Ağazadə özü "Azadlıq" blokunun mitinqlərində iştirak etməyəcək.

"Əgər ölkədəki ümumi problemlərlə, ictimai-siyasi vəziyyətlə bağlı aksiyalar olarsa, iştirak edəcəm. Lakin "Azadlıq" blokunun təbliğatına həsr olunmuş aksiyalara, tədbirlərə qatılmayacağam"-deyə İqbal Ağazadə qeyd edib. O, həmçinin, əlavə edib ki, özünün də təmsil olunduğu "16 Oktyabr Hərəkatı"nın 4 nəfər üzvü "Azadlıq" blokunun seçkidə vahid namizədidir.

Bu baxımdan "16 Oktyabr Hərəkatı"nın "Azadlıq" bloku ilə münasibətlərinin normal olduğunu deyib. Lakin özünə gəldikdə, İ.Ağazadə hesab edir ki, seçkidə ona rəqib namizəd irəli sürmüş "Azadlıq" bloku ona hansısa formada dəstək verməyəcək.

İ.Ağazadə onu da bildirib ki, "16 Oktyabr Hərəkatı"nın seçkidə dəstək verəcəyi namizədlərlə bağlı yaxın günlərdə müzakirələr aparılacaq. Seçkiyə hazırlıqla bağlı iclaslarına bir qədər fasilə verilmiş Hərəkatın fəaliyyəti bu günlərdə yenidən bərpa olunacaq.

Xəbər lenti

Xəbər lenti