...

GƏNC HÜQUQŞÜNASLARIN BEYNƏLXALQ BAKI KONFRANSININ SONUNCU SEMİNARI KEÇİRİLİB

Siyasət Materials 12 Sentyabr 2005 14:43 (UTC +04:00)

Gənc Hüquqşünasların Beynəlxalq Assosasiyası və Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin təşkilatçılığı ilə Bakıda sentyabrın 10-dan işinə başlayan "Gənc Hüquqşünasların Birinci Beynəlxalq Bakı konfransı"nın üçüncü seminarı keçirilib.

Trend in məlumatına görə, beynəlxalq Bakı konfransının sentyabrın 12-də keçirilən sonuncu seminarında ABŞ, Belçika, Braziliya, İtaliya, Gürcüstan, Qazaxıstan, Ukrayna, Özbəkistan, Qırğızıstan, Türkiyə, Niderland və digər ölkələrdən olan hüquqşünaslar iştirak ediblər.

Tədbirdə hüquqşünasların birgə fəaliyyət planının hazırlanmasına dair təklif və tövsiyələr səsləndirilib. Gənc Hüquqşünaslar Birliyinin sədri Nadir Adilov məruzəsi dinlənildikdən sonra konfrans iştirakçıları ilə iş aparılması üçün onlar qruplara bölünüblər.

İki illik "Gənc hüquqşünasların peşə inkişafı ilə bağlı" Fəaliyyət Planının hazırlanması məsələsi müzakirəyə çıxarılıb. Həmçinin, iki illik "Gənc hüquqşünasların İnsan Hüquqlarının Müdafiəsində rolu" ilə bağlı Fəaliyyət Planının hazırlanması üzərində iş aparılıb.

Nadir Adilov bildirib ki, beynəlxalq konfransın sonunda gənc hüquqşünasların Bakı Bəyannaməsi qəbul olunacaq. Həmçinin yekun kimi təklif və tövsiyələrdən ibarət sənəd hazırlanıb müxtəlif beynəlxalq qurumlara, Azərbaycanın dövlət strukturlarına təqdim olunacaq.

Qeyd edək ki, beyənlxalq Bakı konfransının təşkilində əsas məqsəd dünyanın müxtəlif ölkələrində yaşayan gənc hüquqşünasların bir araya gələrək müəyyən peşə problemlərini, perspektivləri, regional və beynəlxalq miqyasda gedən hüquqi prosesləri müzakirə etməkdir.

Üçgünlük konfrans ATƏT-in Azərbaycandakı nümayəndəliyinin, Gənclər İdman və Turizm Nazirliyinin və Amerika Hüquqşünaslar Assosiasiyasının dəstəyi ilə keçirilib.

Xəbər lenti

Xəbər lenti