...

PULSUZ EFİR BÖLGÜSÜNDƏN NARAZI QALAN SEÇKİ BLOKLARI MSK-YA MÜRACİƏT EDİB

Siyasət Materials 13 Sentyabr 2005 14:00 (UTC +04:00)

"Azadlıq", "Yeni siyasət" seçki blokları və Azərbaycan Liberal Partiyası (ALP) Mərkəzi Seçki Komissiyasına müraciət edib. Bu barədə Trend ə "Azadlıq" blokundan məlumat verilib. Müraciət müəllifləri onlar üçün AzTI, İTI kanallarında ayrılan pulsuz efir vaxtının başqa bir bölgüsünü təklif edirlər.

Qeyd edək ki, telekanalda pulsuz təbliğat imkanı qazanan hər bir blok həftənin 6 günü yalnız 4 dəqiqə efirdən istifadə edə bilər. Müəlliflər MSK-ya həmin vaxtın birləşdirilərək həftədə 2 dəfə efir vaxtının 12 dəqiqə olmaqla bölünməsini təklif edir: "Fikrimizcə, namizədlərin öz platformalarını açıqlamaları üçün 4 dəqiqə olduqca azdır.

Başqa bir tərəfdən isə seçkiqabağı təbliğat zamanı namizədlərin bölgələrə səfərləri onların efirə çıxmaq imkanlarını məhdudlaşdırır",-deyə müraciətdə bildirilir.

MSK-dan isə bildirilib ki, bu məsələ yalnız MSK-nın iclasında müzakirəyə çıxarıla bilər. MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyevin sözlərinə görə, seçki bloklarının təkliflərinin nəzərə alınacağı təqdirdə yenidən püşkatma keçirilməli, təkrar bölgülər aparılmalıdır: "Televiziyada pulsuz efir vaxtının bölünməsi qanunun tələbinə uyğun aparılıb.

Püşkatma da hamının gözü qarşısında keçirilib. Namizədlərin efirə çıxmaq üçün vaxt çatışmazlığı ilə bağlı göstərdiyi səbəbə gəldikdə, telekanallarda təbliğat çıxışlarını onların səlahiyyətli nümayəndələri də edə bilər",-deyə MSK nümayəndəsi bildirib.

Xəbər lenti

Xəbər lenti