...

QARABAĞ AZADLIQ TƏŞKİLATI BUDAPEŞT HƏBSXANASINDA SAXLANILAN RAMİL SƏFƏROVLA BAĞLI BƏYANAT YAYIB

Siyasət Materials 13 Sentyabr 2005 16:44 (UTC +04:00)

Qarabağ Azadlıq Təşkilatı (QAT) Sentyabrın 13-də Ramil Səfərovla bağlı bəyanat yayıb. Bəyanatın mətni Trend ə QAT-ın mətbuat xidmətindən daxil olub.

Bəyanatda göstərilir ki, sentyabrın 27-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Ramil Səfərovun üzərində növbəti məhkəmə prosesi başlayacaq. Ermənistanın rəsmi nümayəndələri və diaspor təşkilatları məhkəmənin mövqeyinə təsir etmək istiqamətində geniş iş aparır. QAT saxta təbliğatın qarşısının alınmasına görə bəzi addımlar atmağı planlaşdırıb.

Jurnalist Səriyyə Müslümqızı Ramil Səfərovla bağlı təhqiqat xarakterli xüsusi material üzərində işləyir. Bir müddət əvvəl QAT-çı gənclərin yaratdığı veb-sayt da fəaliyyətini gücləndirir. QAT sədri Akif Nağının imzası ilə "Ramil Səfərov haqqında həqiqət" adlı məqalə bir neçə dilə tərcümə olunaraq internet səhifəsinə yerləşdirilib.

Həmin məqalə Budapeşt şəhər məhkəməsinə və Macarıstanda nəşr oulnan qəzetlərinə göndərilib. Avropada fəaliyyət göstərən diaspor təşkilatları da Ramil Səfərovun müdafiəsi istiqamətində bəzi fəaliyyətə başlayıblar. Sentyabrın 23-də isə QAT Ramil Səfərovun hüquqlarının müdafiəsi ilə bağlı dəyirmi masa keçirməyi nəzərdə tutub.

Bəyanatda qeyd olunur ki, sadalanan bu addımlar kifayət etmir. QAT-çılar Ramil Səfərovun hüquqlarının müdafiəsi ilə bağlı hakimiyyətin və cəmiyyətin də müəyyən addımlar atmasına ehtiyac olduğunu vurğulayır.

Bəyanatda həmçinin sentyabrın 12-də Avropa Şurası Parlament Assasmbleyasının (AŞPA) Alt Komitəsinin Parisdə keçirilən toplantısında mərkəzi ofisi Londonda olan beynəlxalq LİNSK təşkilatı nümayəndələrinin Ramil Səfərovla bağlı qərəzli mövqe nümayiş etdirmələrinə də münasibət bildirilib. "Bu, bir daha göstərir ki, ermənilər öz çirkin niyyətlərini həyata keçirmək üçün beynəlxalq təşkilatlardan da geniş şəkildə istifadə etməyə çalışırlar.

Bakıda da nümayəndəliyi olan LİNSK təşkilatına xəbərdarlıq edirik ki, Ramil Səfərova qarşı qərəzli mövqelərinə son qoysunlar. QAT hesab edir ki, beynəlxalq təşkilatların R.Səfərovun taleyi ilə bağlı obyektiv mövqe tutmasına nail olmalı, bu təşkilatlardan ermənilərin məkrli niyyətləri üçün istifadəsinə yol verməməliyik" - bəyanatın sonunda qeyd olunur.

Xəbər lenti

Xəbər lenti